“Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü, təbii ki, ikitərəfli əlaqələrin normallaşdırılması müstəvisində mühüm əhəmiyyət kəsb edir. Çünki artıq vasitəçi olmadan iki tərəfin nümayəndələri birbaşa görüşdürülür və razılaşmalar əldə olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, artıq Ermənistanla yeni məhsullar Azərbaycana göndərilir, ticarət əlaqələri formalaşır:
“Eyni zamanda, sülh müqaviləsinin bağlanması istiqamətində qarşıda duran məsələlər də müzakirə olundu. Ümumilikdə hər iki tərəf siyasi iradə ortaya qoyub və tərəflər münasibətlərin normallaşdırılması, sülh istiqamətində sülhə əngəl olan məsələlərin aradan qaldırılması barədə razılıqlar əldə edirlər. Hesab edirəm ki, bu, iki tərəfli danışıqların mövcud vəziyyətin davam etməsinə, yəni de-fakto prosesin davamına gətirib çıxaracaq. Artıq Azərbaycan və Ermənistan liderləri sülh barədə və dövlətlərarası kommunikasiyaların qurulması barədə siyasi iradə ortaya qoyublar.
Təbii ki, bu görüşdə əldə olunan razılaşmalar qarşılıqlı etimadın formalaşmasına da gətirib çıxaracaq və nəticədə yekun sülh müqaviləsi üçün ortada olan məsələlərin danışıqlar yolu ilə həllində də stimul verəcək.