"Azərbaycanda kənd turizmi və ekoturizm ayrı-ayrı turizm məhsullarıdır. Son dövrlərdə xüsusilə bu istiqamətdə müəyyən işlər görülüb, müxtəlif layihələr hazırlanır".Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, lakin kənd turizmi dedikdə yalnız kənd evlərinin və onların sayının artırılması nəzərdə tutulmamalıdır: "Burada əsas məsələ kəndin bütövlükdə bir turizm məhsulu, hətta bir brend kimi formalaşdırılmasıdır.
Yəni kəndin bütün imkanlarının və məhsullarının turizm məhsuluna çevrilməsi, oradakı təcrübələrin turistlərə təqdim olunması daha vacibdir. Turistlərin yalnız kəndə cəlb olunması və kənd evlərində qalması deyil, eyni zamanda həmin kəndin həyat tərzini, adət-ənənələrini, mətbəxini, istehsal proseslərini və ümumilikdə kənd təcrübəsini yaxından tanıması və hiss etməsi daha məqsədəuyğundur.
Bu istiqamətdə müəyyən addımlar da atıla bilər. Məsələn, nümunəvi kəndlər seçilə bilər. Hazırda turistik kənd layihələri üzərində işlər aparılır. Bu kəndlərdə infrastrukturun inkişafı ilə yanaşı, kəndin özünəməxsus təcrübələrinin və brendləşə biləcək məhsullarının üzə çıxarılması, tanıdılması istiqamətində də müəyyən işlər görülür. Düşünürəm ki, bu işlər daha da genişləndirilə bilər.
Burada əsas məqsəd gələn qonaqlara yeni təcrübə yaşatmaqla yanaşı, yerli icmaya da gəlir qazandırmaqdır. Kəndlərin müəyyən ixtisaslaşma üzrə özünəməxsus təcrübələr yaratması məqsədəuyğun olardı. Məsələn, hansısa kənd qastronomik turizm üzrə, dağ kəndi isə fərqli təbiət və yürüş təcrübələri üzrə ixtisaslaşa bilər. Müxtəlif marşrutlar hazırlanaraq fərqli turizm məhsullarına çevrilə bilər.
Kəndin yerləşdiyi coğrafi əraziyə, istehsal edə biləcəyi məhsullara və təqdim edə biləcəyi təcrübələrə uyğun olaraq kəndlər ayrı-ayrı turizm məhsulları təklif edə bilərlər. Bu isə bazara çıxarıldıqda gələn turistlər üçün kifayət qədər maraqlı ola bilər.
Bununla yanaşı, kənd turizmini genişləndirmək üçün müxtəlif qrant layihələri və proqramlar həyata keçirilə bilər. Bu layihələr çərçivəsində həm yerli icmalar üçün təlim və maarifləndirmə işləri aparılmalı, həm də kəndlərdə mövcud potensialın daha çox turizm məhsuluna çevrilməsi imkanları genişləndirilməlidir.
Bu, eyni zamanda kənddən şəhərə axının qarşısının alınmasında da müsbət rol oynaya bilər. Kənddə turizm fəaliyyəti genişləndikcə iqtisadi aktivlik artar, yerli əhali üçün yeni gəlir və məşğulluq imkanları yaranar.
Yekun olaraq, kəndlərin turistik bölgələr kimi inkişaf etdirilməsi yalnız orada qalmaq və yaşamaq imkanlarının yaradılması ilə məhdudlaşmamalıdır. Eyni zamanda ətraf mühitin və ekologiyanın qorunması, yerli həyat tərzinin və ənənələrin yaşadılması, turistlərə autentik təcrübələrin təqdim olunması və kəndin bütövlükdə bir turizm məhsuluna çevrilməsi əsas hədəflərdən biri olmalıdır.
Bu istiqamətdə yerli icmaların, bələdiyyələrin və kənd sakinlərinin prosesə daha fəal cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Öz kəndindən olan insanların yetişdirilməsi, onların kəndin imkanlarını və məhsullarını turistlərə təqdim etməsi həm yerli icmaya müsbət təsir göstərəcək, həm də turistlər üçün daha səmimi və yaddaqalan təcrübə yaradacaq".