Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev ənənəyə uyğun olaraq bu il də Xaçmaz rayonunda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan gənclərlə görüşüb, onların sevincinə şərik olub və uğurlarını yüksək qiymətləndirib.
Sentyabrın 3-də Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləXaçmaz şəhərində yerləşən Heydər Əliyev mərkəzində keçirilən təntənəli tədbirdə millət vəkili Ağalar Vəliyevlə yanaşı, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, təhsil işçiləri, valideynlər, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkədə insan kapitalının inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə təhsil infrastrukturunun müasirləşdirilməsinə və gənclərin daha yaxşı şəraitdə təhsil almasına geniş imkanlar yaradır.
Çıxış edən natiqlər qeyd ediblər ki, gənclərin təhsilə marağının artırılması, onların əməyinin dəyərləndirilməsi və yeni uğurlara həvəsləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər arasında Ağalar Vəliyevin hər il ənənəvi olaraq təşkil etdiyi mükafatlandırma mərasimləri xüsusi əhəmiyyət daşıyır.
Mərasimdə millət vəkili Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə cari ildə ali məktəblərə qəbul olunan 107 tələbə müxtəlif məbləğlərdə pul mükafatları ilə təltif edilib. Mükafat alanlar arasında 400–500 bal toplayan 65 nəfər, 500–600 bal toplayan 31 nəfər, 600–650 bal toplayan 8 nəfər, 650–700 bal toplayan 2 nəfər, həmçinin topladığı baldan asılı olmayaraq tələbə adını qazanan bir şəhid övladı yer alıb.
Toplantıda ən yaddaqalan məqamlarından biri də gənclərə ünvanlanan motivasiya dolu çağırışlar olub. Bildirilib ki, bugünkü uğurlar gələcək böyük nailiyyətlərin başlanğıcıdır və Azərbaycan cəmiyyətinin inkişafı məhz savadlı, vətənpərvər, müasir dünyagörüşünə malik gənclərin fəaliyyəti ilə daha da sürətlənəcək.
Çıxışlarda bu fikir də səslənib ki, təhsilə verilən dəyər gələcəyə yatırılan ən böyük sərmayədir. Xaçmazlı gənclərin əldə etdiyi uğurlar isə rayonun və ölkənin sabahına olan inamı daha da gücləndirir.
Tədbir iştirakçıları Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə yüksəlməsində, gənclərin bilikli, vətənpərvər və yüksək bacarıqlı kadrlar kimi formalaşmasında göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, həyata keçirilən uğurlu təhsil siyasətini yüksək dəyərləndiriblər.