“Tibb işçilərinin əməkhaqqının artırılması səhiyyənin inkişafına mühüm töhfə verəcək” -MİLLƏT VƏKİLİ

4 Sentyabr 2026 11:14 (UTC+04:00)

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində sosial, humanitar, mədəniyyət və səhiyyə sahələrinə xüsusi diqqət və qayğı göstərib”.

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.
Onun sözlərinə görə, ölkəmizin, xüsusilə də səhiyyə sisteminin ən çətin dövrlərində biz bu dəstəyin dəfələrlə şahidi olmuşuq:

”Minnətdarlıqla qeyd etməliyik ki, Mehriban xanım Əliyeva istər Azərbaycan Mədəniyyətinin Dostları Fondu, istərsə də Heydər Əliyev Fondu vasitəsilə qeyd etdiyimiz sahələrin inkişafına çoxsaylı töhfələr verib. Bu gün də Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi həmin istiqamətlərə xüsusi diqqət göstərir.

Bunun məntiqi nəticəsi olaraq, Mehriban xanım Əliyeva bu günlərdə tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.

Bu nəcib təşəbbüs Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanıb və onun reallaşdırılması ilə bağlı müvafiq tapşırıq verilib. Hesab edirəm ki, bu humanist qərar ölkəmizdə, o cümlədən səhiyyə sahəsində həyata keçirilən əsaslı islahatların mühüm tərkib hissəsidir. Eyni zamanda, bu qərar dövlətimizin və dövlət başçısının həyata keçirdiyi ardıcıl sosial siyasətin növbəti bariz göstəricisidir.

Minnətdarlıqla qeyd etməliyik ki, Prezident İlham Əliyevin bu tapşırığı TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcək. Əslində, ölkəmizdə son illər həyata keçirilən əməkhaqqı islahatları da dövlət siyasətinin əsasının sosialyönümlü olduğunu bir daha nümayiş etdirir.

Əminik ki, bu qərar ölkə səhiyyəsinin gələcək inkişafına, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcək. Ümumiyyətlə, tibbi xidmətlərin keyfiyyətinin davamlı şəkildə artırılması hər bir dövlətin təhlükəsizlik doktrinasının strateji istiqamətlərindən biri olan demoqrafik təhlükəsizliyin qorunmasında mühüm amillərdəndir.

Bu nəcib təşəbbüs və onun əsasında dövlət başçısının qəbul etdiyi humanist qərar ilk növbədə həkimlər, orta tibb işçiləri və bütövlükdə səhiyyə çalışanları üçün əlamətdar hadisə olmaqla yanaşı, ölkəmizin sosial həyatına da mühüm töhfədir. Sözsüz ki, tibb işçilərinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onların sosial rifahına, iş məmnuniyyətinə və peşələrinə bağlılığına birbaşa təsir göstərir. Başqa sözlə, bu gün tibb işçisinə edilən investisiya əslində sabah Azərbaycan vətəndaşına göstəriləcək daha keyfiyyətli tibbi xidmətə qoyulan investisiyadır.

Bildiyimiz kimi, ölkəmizdə səhiyyə sistemində aparılan əsaslı islahatlar çərçivəsində bütün bölgələrdə müasir və zəngin maddi-texniki baza yaradılıb, yüksək səviyyədə tibb təhsili almış peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilib.

Səhiyyə sahəsində bütün istiqamətlər üzrə kompleks və paralel islahatların həyata keçirilməsi nəticəsində mühüm uğurlar əldə olunur. Bir daha qeyd etmək istərdim ki, müasir standartlara cavab verən xəstəxanaların inşası, ən son tibbi texnologiyaların tətbiqi, müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadrların hazırlanması ilə yanaşı, tibb işçilərinin maddi rifahının yüksəldilməsi də mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq təcrübə də göstərir ki, yüksəkkeyfiyyətli tibbi xidmətin təmin olunmasında əməkhaqqı siyasətinin xüsusi rolu var. Etiraf etməliyik ki, bu gün ölkəmizin müxtəlif bölgələrində tibb kadrlarının çatışmazlığının səbəblərindən biri də əməkhaqlarının əvvəlki dövrlərdə yetərli səviyyədə olmaması ilə bağlıdır. Sadalanan bütün amillər bir-birini tamamlayaraq əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin edən mühüm şərtlərdir. Bugünkü nəcib təşəbbüs və onun əsasında qəbul edilmiş qərar da məhz bu istiqamətdə mühüm addımdır.

Hesab edirəm ki, bölgələrdə tibb kadrlarının kritik çatışmazlığının qarşısının alınması üçün gələcəkdə də əməkhaqqı artımlarının, eləcə də digər stimullaşdırıcı mexanizmlərin tətbiqi və gücləndirilməsi davam etdirilməlidir.

Dünyanın bir çox ölkələrinin təcrübəsi göstərir ki, tibb işçisi əməyinin qarşılığını layiqincə aldıqda, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss etdikdə onun peşəsinə bağlılığı və göstərdiyi tibbi xidmətin keyfiyyəti də yüksəlir. İnanırıq ki, gələcəkdə həyata keçiriləcək əməkhaqqı islahatlarında tibb işçilərinin peşəkarlığı, davamlı təhsili, fəaliyyət göstəriciləri və göstərdikləri xidmətin keyfiyyəti də nəzərə alınacaq.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsü və Prezident İlham Əliyevin qəbul etdiyi siyasi qərar ölkə ictimaiyyəti, xüsusilə də səhiyyə ictimaiyyəti tərəfindən dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi kimi yüksək qiymətləndirilir.

Fürsətdən istifadə edərək, Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin üzvü kimi həm Prezident İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bu mühüm və nəcib təşəbbüsə görə sonsuz təşəkkürümü bildirirəm”.