“Mən, 7 saylı Uşaq Poliklinikasının sahə həkimi Nərgiz Namazəliyeva, tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı həyata keçirilən bu təşəbbüsü böyük minnətdarlıq və məmnuniyyət hissi ilə qarşılayıram. Bu qərar dövlət tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətin və onların sosial rifahının yaxşılaşdırılmasına göstərilən diqqətin mühüm göstəricisidir”.
Bu sözləri SİA-ya açıqlamasında 7 saylı Uşaq Poliklinikasının sahə pediatrı Nərgiz Namazəliyeva bildirib.
Onun sözlərinə görə, həkimlik böyük məsuliyyət, fədakarlıq, səbir və gərgin əmək tələb edən şərəfli bir peşədir:
”Xüsusilə uşaqlarla işləyən həkimlər üçün bu məsuliyyət daha da böyükdür. Çünki uşağın sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması, düzgün müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi gələcək nəslin sağlam yetişməsində mühüm rol oynayır.
Gündəlik fəaliyyətimizdə pasiyentlərin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsi, düzgün müalicə və profilaktikanın təşkili istiqamətində əlimizdən gələn bütün səyləri göstəririk. Sahə həkimi olaraq yalnız xəstəliklərin müalicəsi ilə deyil, həm də uşaqların mütəmadi tibbi müayinələrinin aparılması, valideynlərin maarifləndirilməsi, sağlam həyat tərzinin təşviqi və xəstəliklərin qarşısının alınması ilə bağlı mühüm işlər həyata keçiririk.
Bu baxımdan tibb işçilərinin əməyinin dövlət tərəfindən qiymətləndirilməsi bizim üçün həm maddi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Əməkhaqlarının artırılması tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verməklə yanaşı, bizi öz peşəmizə daha böyük həvəs və məsuliyyətlə yanaşmağa ruhlandırır.
Düşünürəm ki, tibb işçisinin əməyinə verilən hər bir dəyər səhiyyənin inkişafına, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və pasiyent məmnuniyyətinin artmasına öz müsbət təsirini göstərir. Çünki səhiyyə sisteminin əsas dayağı insan amilidir və bu sistemin uğurlu fəaliyyəti, ilk növbədə, peşəkar, motivasiyalı və öz işinə məsuliyyətlə yanaşan tibb işçilərindən asılıdır.
Əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirir və bu diqqətə görə dövlətimizə, səhiyyə sahəsinə göstərilən qayğıya görə təşəkkürümü bildirirəm. İnanıram ki, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan bu cür addımlar bizi gələcəkdə də daha böyük əzmlə çalışmağa, vətəndaşlara daha keyfiyyətli və peşəkar tibbi xidmət göstərməyə sövq edəcək.
Arzu edirəm ki, səhiyyə sahəsi və bu mühüm sahədə çalışan tibb işçiləri bundan sonra da daim dövlətin diqqət və qayğısı ilə əhatə olunsun. Biz də öz növbəmizdə göstərilən etimadı və diqqəti layiqli fəaliyyətimizlə doğrultmağa, insanların, xüsusilə də uşaqların sağlamlığının qorunmasına bundan sonra da böyük məsuliyyətlə xidmət etməyə çalışacağıq”.