Bir vaxtlar pul kisəsi insanın gündəlik həyatının ayrılmaz hissəsi idi. Cibdə bir neçə manat, xırda pullar, bəzən də böyük məbləğdə nağd pul olmadan evdən çıxmaq demək olar ki, mümkün deyildi. İndi isə bu mənzərə sürətlə dəyişir. İnsan marketə girir, kartını terminala yaxınlaşdırır, telefondan ödəniş edir və yoluna davam edir. Taksi sifarişindən restorana, kommunal ödənişlərdən onlayn alış-verişə qədər pul getdikcə daha az “əlimizdə”, daha çox isə telefonumuzun və bank tətbiqlərinin içində olur.
SİA mövzu ilə bağlı araşdırma edib.
Bu dəyişiklik artıq sadəcə texnoloji yenilik deyil, gündəlik həyat tərzinin dəyişməsidir. Dünya Bankının 2025-ci il Global Findex məlumatları göstərir ki, dünyada böyüklərin 79 faizi maliyyə hesabına malikdir. Mobil telefon isə rəqəmsal maliyyə xidmətlərinin əsas vasitələrindən birinə çevrilib: dünyada böyüklərin 86 faizi mobil telefona sahibdir. Hesabat 141 ölkədə təxminən 145 min nəfərin məlumatlarına əsaslanır və rəqəmsal ödənişlərin, mobil texnologiyaların və maliyyə xidmətlərinin necə genişləndiyini göstərir.
Azərbaycanda da proses kifayət qədər sürətlə gedir. Mərkəzi Bankın 2026-cı ilin martında açıqladığı məlumatlara görə, 2025-ci ildə ölkədaxili kart əməliyyatlarında nağdsız ödənişlərin payı 67,6 faizə çatıb. Bu, əvvəlki illə müqayisədə 3,4 faiz bəndi artım deməkdir. Həmin il kartlarla ölkədaxili nağdsız ödənişlərin ümumi dəyəri 26 faiz artaraq 99,1 milyard manata yüksəlib. Daha maraqlı məqam isə kontaktsız ödənişlərdə smartfonların rolunun artmasıdır: POS terminallarda həyata keçirilən kontaktsız ödənişlərin hər ikisindən biri artıq smart cihaz vasitəsilə edilib.
Yəni Azərbaycanda insanın “kartla ödəməsi” mərhələsi də dəyişir. Artıq kartın özünü belə cibdən çıxarmağa ehtiyac qalmır. Telefon bank kartının yerini tutur. Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən ödənişlərin sayı da 2025-ci ildə əvvəlki illə müqayisədə 67 faiz artıb. Bakı ictimai nəqliyyatında və metroda kontaktsız bank kartları və mobil cihazlarla ödəniş imkanlarının genişləndirilməsi də bu keçidi insanların gündəlik həyatına daha da yaxınlaşdırıb.
Bununla yanaşı, bank köçürmələrinin özündə də rəqəmsallaşma ciddi sürət alıb. 2025-ci ildə Azərbaycanda cari hesablardan həyata keçirilən köçürmələrin sayının 94,4 faizi rəqəmsal bankçılıq kanalları vasitəsilə aparılıb. Ani Ödəniş Sistemində əməliyyatların sayı isə əvvəlki illə müqayisədə 12,5 dəfə artıb. QR ödənişlərinin sürətlə yayılması da göstərir ki, qarşıdakı illərdə nağdsız ödəniş yalnız bank kartı ilə məhdudlaşmayacaq.
Bəs bütün bunlar bizi nağdsız cəmiyyətə aparırmı?
Müəyyən mənada, bəli. Amma “nağd pul sabah yox olacaq” demək hələ tezdir. Çünki nağd pulun rəqəmsal ödənişlərin verə bilmədiyi bəzi üstünlükləri var. İnternet kəsilə bilər, telefonun batareyası bitə bilər, bank tətbiqində problem yarana bilər. Nağd pul isə bütün bunlardan asılı deyil. Üstəlik, cəmiyyətin bütün təbəqələri rəqəmsal ödənişlərə eyni sürətlə uyğunlaşmır. Yaşlı insanlar, texnologiyadan az istifadə edən şəxslər və bəzi regionlarda yaşayan insanlar üçün nağd pul hələ də daha rahat və başadüşülən ödəniş vasitəsidir.
Burada daha böyük məsələ ortaya çıxır: nağdsız cəmiyyət rahatlıq gətirməklə yanaşı, kimisə kənarda qoya bilərmi? Çünki rəqəmsal maliyyəyə çıxış üçün təkcə bank hesabının olması kifayət deyil. Telefon, internet, rəqəmsal bacarıq və təhlükəsizlik haqqında bilik də lazımdır. Dünya Bankının Global Findex araşdırması məhz bu fərqlərə də diqqət çəkir və rəqəmsal maliyyənin genişlənməsi ilə yanaşı, yaş, gəlir və digər sosial qruplar arasında rəqəmsal imkanlara çıxış fərqlərinin mövcudluğunu göstərir.
Digər tərəfdən, rəqəmsal ödənişlərin ən böyük üstünlüklərindən biri şəffaflıqdır. Nağd pulun hərəkətini izləmək çətin olduğu halda, elektron ödənişlər maliyyə əməliyyatlarının rəqəmsal izini yaradır. Bu, iqtisadiyyatın şəffaflaşmasına, vergidən yayınmanın və kölgə iqtisadiyyatının müəyyən formalarının qarşısının alınmasına kömək edə bilər. Dövlət və biznes üçün də elektron ödənişlərin üstünlüyü buradadır. Mərkəzi Bankın rəqəmsal ödənişlərin inkişafını strateji prioritetlərdən biri kimi müəyyənləşdirməsi də təsadüfi deyil. Azərbaycan 2024–2026-cı illər Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində rəqəmsal ödəniş infrastrukturunu genişləndirir və yeni ödəniş iştirakçılarının bazara daxil olmasını təşviq edir.

Amma rəqəmsallaşmanın digər tərəfi də var: kibertəhlükəsizlik. Əvvəllər insanın pulunu oğurlamaq üçün onun cibinə girmək lazım idi. İndi isə bəzən bir saxta SMS, yanlış link və ya telefon danışığı kifayət edə bilər. İnsanların bank kartı məlumatlarının, şifrələrinin və birdəfəlik təsdiq kodlarının ələ keçirilməsi rəqəmsal maliyyənin ən ciddi risklərindəndir. Dünya Bankının yeni Global Findex məlumatlarında rəqəmsal təhlükəsizlik ayrıca ölçülən istiqamətlərdən birinə çevrilib.
Nağdsız ödənişlərin başqa maraqlı tərəfi isə insanın pul xərcləmə psixologiyasını dəyişməsidir. Cibdən 100 manat çıxarıb vermək bir hiss üçün daha real görünür. Telefonda və ya kartda isə eyni məbləği xərcləmək daha asan hiss edilə bilər. Xüsusilə taksit, kredit xətti və “bir kliklə al” imkanlarının genişlənməsi insanın alış-veriş qərarlarını sürətləndirir. Azərbaycanda da Mərkəzi Bank 2025-ci ildə istehlak kredit kartlarından istifadənin artdığını və bununla yanaşı borcun sərəncamda olan gəlirə nisbətinin yüksəldiyini açıqlayaraq kredit kartları üzrə daha məsuliyyətli borclanmanı təşviq edən yeni qaydalar tətbiq edib.
Burada bank komissiyaları məsələsi də ortaya çıxır. Nağdsız ödəniş istehlakçı üçün rahat görünsə də, bu sistemin arxasında banklar, ödəniş təşkilatları, prosessinq mərkəzləri və digər iştirakçılar dayanır. Sahibkar üçün POS-terminaldan istifadə, bank üçün əməliyyatın emalı, ödəniş sistemləri üçün infrastruktur müəyyən xərc yaradır. Azərbaycanda Mərkəzi Bank 2026-cı ilin aprelində kart əməliyyatları üzrə interchange komissiyalarının yuxarı hədlərini aşağı salıb. Məqsədlərdən biri də sahibkarların nağdsız ödəniş qəbul etməsi ilə bağlı xərclərini azaltmaq və QR ödənişlərini daha əlçatan etməkdir.
Beləliklə, məsələ artıq “nağd pul yaxşıdır, yoxsa kart?” sualından daha böyükdür. Söhbət bütövlükdə pul anlayışının dəyişməsindən gedir. Bir vaxtlar pul cibimizdə idi, sonra bank hesabında oldu, indi isə getdikcə telefonumuzun içində yaşayır. Sabah isə ödəniş etmək üçün kartı, telefonu belə çıxarmağa ehtiyac qalmaya bilər. Biometrik identifikasiya, QR, rəqəmsal pul kisələri və digər texnologiyalar ödənişi daha görünməz hala gətirə bilər.

Amma nağdsız gələcək yalnız texnologiya məsələsi deyil. Bu, həm də sosial məsələdir. İnsanların hamısı eyni imkanlara sahib olmadığı üçün rəqəmsal iqtisadiyyat qurularkən yaşlıların, texnologiyadan az istifadə edənlərin, aşağı gəlirli insanların və rəqəmsal savadlılığı zəif olanların da nəzərə alınması vacibdir. Əks halda rahatlıq yaratmaq məqsədi ilə həyata keçirilən proses müəyyən insanlar üçün yeni maneələr yarada bilər.
Azərbaycandakı göstəricilər göstərir ki, istiqamət artıq bəllidir: nağdsız ödənişlərin payı artır, kartdan telefona, telefondan QR-a keçid sürətlənir və rəqəmsal maliyyə gündəlik həyatın daha böyük hissəsinə çevrilir. Ancaq yaxın gələcəkdə nağd pulun tamamilə yox olması yox, onun gündəlik istifadəsinin getdikcə azalması daha real görünür.
Bəlkə də gələcəyin əsas sualı “nağd pul olacaqmı?” deyil.
Əsas sual budur: pul fiziki olaraq əlimizdən çıxanda yox, rəqəmsal olaraq hesabımızdan çıxanda biz onu daha çox, yoxsa daha az hiss edəcəyik?
Bu baxımdan nağdsız cəmiyyət sadəcə ödəniş üsulunun dəyişməsi deyil. Bu, insanın pulla münasibətinin dəyişməsidir.
Ayşən Vəli