70 milyonluq rüşvət, məbləğ arta bilər - KÖŞƏ

3 Sentyabr 2026 12:02 (UTC+04:00)

Ramiz Mehdiyevin və dəstəsinin cinayət əməlləri ilə bağlı yeni faktlar üzə çıxdı

Yalanmı, gerçəkmi deyirlər, yazırlar, hətta paylaşırlar ki, insan duran yerdə qudurğan hərəkət etməz, əməllər törətməz. Onu bir növ dingildədən nəsə var. Ola bilsin ki, biri vəzifəsinə arxalanıb ədalı danışır, yekə-yekə çıxışlar edir, digərləri də pulunun, var-dövlətinin çox olmasından qürrələnib gözü ayağının altını görmür. Hər iki təbəqeyi ünsirirət "burada mənəm Bağdadda kor xəlifə" deyib, fağır-füqəranı aşağılamağa və özlərini yekə bir zad olduqlarını göstərməyə çalısırlar. Ümumiyyətlə, özlərindən razı məxluqlar aşağı təbəqədən olan insanları heç sevməzlər, onlarla ünsiyyət qurmaq, söhbət etməkdən xoşlamazlar. Dahi şairimiz Məhəmməd Füzuli "Şikayətnamə" əsərində demişkən, "Salam verdim rüşvət deyil deyə almadılar".

Vay o fağır insanların halına ki, qarşılaşacağı əsəbi adamın həm pulu, həm də vəzifəsi olsun. Bu halda susmaq qızıl qaydadır. Hətta sənə sürtüşsə, sataşsa belə dinmək, səsini çıxartmaq qətiyyən məsləhət deyil. Çünki söz qaytarsan halın fəna olar, söyülmək, təhqir edilməklə canını qurtarmağın mümkünsüzdür, döyülməklə xəstəxanalıq olmaq da taleyinə yazılan bir hökm ola bilər. Belə qudurğan məxluqlarla bağlı çoxsaylı misallar, sübutlar göstərə bilərəm. Sadəcə, həmin şəxslərin siyahısını dərc etməklə boş sözçülüyə yol vermiş olaram. Həm də zatən oxucular, ümumilikdə cəmiyyət onların kimliklərinə bələddirlər. Hər gün olmasa da vaxtaşırı puluna, vəzifəsinə arxalanıb at kimi kişnəyən, öküz kimi böyürən məxluqatla rastlaşırlar. Mətbuatdan oxudum ki, haqqında Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək, ayrı-ayrı şəxslərdən ümumilikdə 70 milyon manat rüşvət alıb. Məlumatda o da qeyd edilir ki, istintaq davam etdiyindən sabiq PA rəhbərinin topladığı rüşvətin məbləğinin artacağı da gözlənilir. Açığı məlumatı oxuyanda təəccüblənmədim, halım da dəyişmədi. Nədən ki, bir qədər əvvəl R.Mehdiyevin baş gicəlləndirən, gözləri qamaşdıran var-dövlətinin uzun siyahısı ilə sosial şəbəkələrdən və mətbuatdan oxumuşdum. Məni təəccübləndirən məqam ondan ibarətdir ki, Ramiz Mehdiyevə rüşvət verən şəxslərin kimliyi məlum deyil. Sadəcə yazırlar ki, Ramiz Mehdiyevə rüşvət verən şəxslər arasında dövlət vəzifəsini tutan və o cümlədən sahibkarlar da var. Bu yerdə yaxşı deyilib, "xub". Yəni rüşvət verən ölüb, ya da dabanına tüpürərək, ölkədən qaçıb? Təbii ki, rüşvət verən şəxslər aramızdadır, hələ də müxtəlif vəzifələrdə və ya biznes sahəsində çalışırlar. Bəli, zamanında Ramiz Mehdiyevlə iş birliyində olub, sonradan ifşa olunduqlarını anladıqlarından xaricə qaçanlar var, onların adları da məlumdur. Misal üçün Baş nazirin keçmiş müavini Abbas Abbasov. Bu məxluq 2006-cı ildə vəzifəsindən azad edildi və "İstiqlal" ordeni ilə təltif edilərək, hörmətlə yola salındı. Düşünmək olardı ki, bundan sonra A.Abbasov çoxsaylı malikanələrindən birinə çəkilib, ölümünü gözləyəcək. O zamana qədər nəvə-nəticələri ilə səmərəli həyat sürüb, şellənəcək. Amma Abbas Abbasov Ramiz Mehdiyevin fətvasına, vəzifədə olduğu zaman topladığı milyardların istiliyinə tab gətirməyib, hakimiyyət eşqinə düşdü və Moskvada oturub, Azərbaycana qarşı təxribatçı planlar qurmağa çalışdı. Ancaq yaxısı deyiblər, "oğurluqla, ... 40 gün çəkər". A.Abbasovun da məkrli planı çox çəkmədi və ifşa olundu. Artıq onun həmfikirlərinin böyük hissəsi həbs olunublar, özünün də dəmir barmaqlıqlar arxasına salınması an məsələsidir. Yəni Rusiya üzüdönüklük etsə, A.Abbasov növbədənkənar aviareyslə Moskvadan Bakıya göndəriləcək.

Ramiz Mehdiyev varına-dövlətinə, yayxandığı kreslosuna güvənib ələ aldığı və çirkin oyunları üçün istifadə etdiyi məxluqlar sırasında Abbas Abbasovla yanaşı Ramiz Mehdiyevin dəstəsinin fəal üzvləri sırasında XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, özünü "hakimiyyətin bolşeviki" hesab edən, vaxtilə AXCP-nin gənclər təşkilatının fəalı olan Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev, Baş qərargah rəisi, general Nəcməddin Sadıqov və digərləri də var. Ramiz Mehdiyevin "qara kassası", keçmiş nəqliyyat naziri Ziya Məmmədov da şəbəkənin əsas fiqurlarından hesab olunur. Hətta Z.Məmmədov R.Mehdiyevdən "molodes" almaq üçün Göyçayda ona villa da tikdirib. R.Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı "sadiqləri" arasında başda Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov da olub. Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi və Ramiz Mehdiyev üçün rüşvət sxeminin qurulması, onun idarə edilməsi ilə məşğul olan əsas iki adamdan biri idi. R.Mehdiyevin dəstəsinin üzvləri arasında SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə də olub. Bu məxluq geniş maliyyə imkanlarına, biznes əlaqələrinə malik olmaqla yanaşı, həm də Rusiya və fars-molla rejiminin bəzi rəsmi şəxsləri ilə separat əlaqələri olub. Məhz bu separat əlaqələrə əsasən o, Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribatlar həyat keçirib. Onun adı dəfələrlə ofşor şirkətlər, saxta sertifikatlar və şübhəli maliyyə əməliyyatları ilə yanaşı çəkilib. Xüsusilə də sanksiyalar altında əzilən Rusiya neftinin başqa ölkələr hesabına bazarlara çıxarılması, beynəlxalq enerji siyasətində gizli oyunlarda iştirakı barədə çoxsaylı faktlar mövcuddur. Özünü milli demokratların əsas fiquru kimi təqdim edib, daim sözdə, mətbuata verdiyi açıqlamalarında Ramiz Mehdiyevi "tənqid" edən AXCP sədri Əli Kərimli, əslində separatçı yığnağın əsas fəallarından olub. Yəni birbaşa Ramiz Mehdiyevin sifarişlərinin qulu və icraçılarından olub.

Yaxşı ki, məqamında cinayətkar dəstə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ifşa olundular. Əks halda vəziyyət heç də ürəkaçan olmazdı. Hətta 2003- cü il oktyabr iğtişaşları təkrarlana bilərdi. Bu isə böyük və qüdrətli Azərbaycanın adına, beynəlxalq imicinə xələl gətirərdi. Düşmənlər, xaricdəki antimilli ünsürlər belə vəziyyətin yaranmasından istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını genişləndirərdilər. Lakin hüquq-mühafizə orqanları xarici və daxili məkrli qüvvələrin planlarını alt-üst etdi, arzularını da gözündə qoydu. Artıq cinayətkar dəstə həbs olunublar və onları uzun müddətə cəza gözləyir.

Son olaraq onu qeyd etmək lazimdir ki, pul yaxşi şeydir, vəzifədə pis deyil, lakin bunların hər ikisi hər şey deyil.

İ.ƏLİYEV