"Azərbaycanla Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin normallaşması ilk növbədə regionda ticarət və yükdaşımaların genişlənməsi üçün yeni imkanlar yaradacaq". Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, uzun illər bağlı qalan kommunikasiyaların açılması Azərbaycanı həm Ermənistan bazarı ilə daha sıx əlaqələndirə, həm də Avropa ilə Asiya arasındakı nəqliyyat axınlarında ölkənin rolunu gücləndirə bilər: "Hazırda Azərbaycanın tranzit yükdaşımalarında artım müşahidə olunur; 2026-cı ilin ilk yeddi ayında tranzit yük həcmi 9,1 milyon tona çatıb və illik müqayisədə 11,6 faiz artıb.
Azərbaycan üçün ən böyük imkanlardan biri Naxçıvan istiqamətində nəqliyyat bağlantısının yaranmasıdır. TRIPP layihəsinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daha bir bağlantı yaratmaqla yanaşı, Xəzərdən keçən Orta Dəhlizin yeni seqmentinin formalaşmasına şərait yarada bilər. Ermənistan üçün də bu marşrutların açılması yeni tranzit gəlirləri, investisiya və xarici bazarlara çıxış imkanları deməkdir.
İxrac baxımından da təsir müsbət ola bilər. Azərbaycan məhsullarının Ermənistan bazarına çıxışı genişlənə, eyni zamanda Ermənistan üzərindən Türkiyə və digər istiqamətlərə yeni ticarət bağlantıları yarana bilər. Bununla yanaşı, Azərbaycan ərazisindən keçən tranzit yük axınının artması dəmir yolu, avtomobil yolları, liman və logistika xidmətlərindən əldə olunan gəlirlərin yüksəlməsinə imkan verər.
Ancaq burada bir məqamı nəzərə almaq lazımdır: Ermənistan üzərindən yeni marşrutların yaranması Azərbaycanın mövcud tranzit üstünlüyünü avtomatik zəiflətmir. Əksinə, müxtəlif marşrutların bir-birinə bağlanması Orta Dəhlizin ümumi cəlbediciliyini artıra bilər. Hazırda Azərbaycan üzərindən keçən Şərq-Qərb dəhlizinin yük həcmlərinin artması da bunu göstərir.
Uzunmüddətli perspektivdə əsas qazanc təkcə tranzit haqqından əldə olunan gəlir olmayacaq. Yeni yollar və dəmir yolları boyunca logistika mərkəzləri, anbarlar, gömrük və yükdaşıma xidmətləri, ticarət və istehsal müəssisələri inkişaf edə bilər. Yəni nəqliyyat əlaqələrinin açılması Azərbaycanın tranzit ölkədən daha geniş regional logistika və ticarət mərkəzinə çevrilməsinə əlavə imkan yaradır.
Amma bütün bunların reallaşması siyasi razılaşmaların praktik olaraq həyata keçirilməsindən, sərhəd-keçid prosedurlarının sadələşdirilməsindən, gömrük tariflərinin rəqabətqabiliyyətli olmasından və marşrutların təhlükəsizliyindən asılıdır. Əgər bu şərtlər təmin olunarsa, Azərbaycan–Ermənistan normallaşması yalnız iki ölkə arasındakı ticarəti deyil, bütövlükdə Cənubi Qafqazın regional ticarət və logistika potensialını əhəmiyyətli dərəcədə artıra bilər".