İsrail Qəzzadakı fələstinlilərin çıxarılmasını hələ də istəyir

3 Sentyabr 2026 11:25 (UTC+04:00)

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Fələstinlilərin Qəzza zolağından çıxarılması planı hələ də gündəmdədir. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu planı ləğv etməyib, sadəcə olaraq müvəqqəti olaraq dayandırıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Katz sentyabrın 2-də İsrailin Ynet nəşrinin təşkil etdiyi konfransda çıxış edərkən Qəzzanın əhalidən “təmizlənməsini” ərazidə vəziyyətin həlli üçün “yeganə yol” kimi təqdim edib. O bildirib ki, Fələstinlilərin ərazidən köçürülməsi olmadan Qəzza üçün “real həll” mümkün deyil.

İsrailli nazir bu yanaşmanın bəzi rəsmilər tərəfindən “könüllü miqrasiya” və ya “köç” kimi ifadələrlə təqdim edildiyini deyib. Katzın sözlərinə görə, planın həyata keçirilməsi üçün ABŞ-ın dəstəyi lazımdır və Vaşinqton bu ideyadan tamamilə imtina etməyib.

Katz bildirib ki, İsrail hökuməti Qəzzaya nəzarəti “dənizdən, havadan və bunu həyata keçirmək üçün istənilən vasitə ilə” təmin etməyə hazırdır. Lakin Qəzza ilə sərhədi olan Misir Fələstinli qaçqınları qəbul etməkdən imtina edir.

ABŞ Prezidenti Donald Trampın əvvəlki dövrdə Fələstinlilərin Qəzzadan çıxarılması və ərazinin ABŞ tərəfindən idarə olunması ideyasını dəstəkləməsi Yaxın Şərq ölkələrində ciddi narazılıq doğurmuşdu. Daha sonra ABŞ-ın dəstəklədiyi 12 maddəlik atəşkəs planında isə Fələstinlilərin öz torpaqlarında qalmaq hüququ təsbit edilmişdi. Sənəddə heç kimin Qəzzanı tərk etməyə məcbur edilməyəcəyi, getmək istəyənlərin isə geri qayıtmaq hüququnun olacağı bildirilirdi.

Katz isə Trampın planı ləğv etmədiyini, sadəcə “dondurduğunu” vurğulayıb. Onun sözlərinə görə, Fələstinlilərin köçürülməsi məsələsi İsrail hökumətində “hər zaman müzakirə olunur”.

Məlumata görə, 2025-ci ilin oktyabrında atəşkəs qüvvəyə mindikdən sonra belə Qəzzaya humanitar yardımın çatdırılmasına məhdudiyyətlər davam edib, ərazidə yenidənqurma işləri isə ciddi maneələrlə üzləşib. Eyni zamanda, İsrailin Qəzzada hücumları da davam edib.

Bu açıqlamaya ABŞ-dan da reaksiya gəlib. Demokrat senator Kris Van Hollən bildirib ki, o və senator Cef Merkli ötən il Qəzza-Misir sərhədinə səfər etdikdən sonra İsrailin Fələstin əhalisini ərazidən çıxarmağı planlaşdırdığı barədə xəbərdarlıq ediblər. Van Hollenin sözlərinə görə, İsrail müdafiə nazirinin son açıqlaması bu narahatlıqları daha da gücləndirib.