Məktəbə gedən uşağın qidalanması onun həm fiziki inkişafı, həm də dərs zamanı diqqət və zehni fəaliyyətinin normal olması üçün çox vacibdir. Uşağın menyusu müxtəlif, balanslı və mümkün qədər təbii məhsullardan təşkil olunmalıdır.
Bu sözləri SİA-ya qida eksperti Fərid Səfərov deyib.

O sözlərinə belə davam edib: “Səhər yeməyi mütləq olmalıdır. Uşaq məktəbə ac getməməlidir. Səhər yeməyində yumurta, pendir, kəsmik, süd və ya qatıq kimi zülal mənbələri, yulaf və ya digər tam taxıllı məhsullar, həmçinin tərəvəz və ya meyvə ola bilər. Şirin bulkalar, şokolad və şəkərli səhər yeməkləri gündəlik vərdişə çevrilməməlidir.
Məktəb üçün ara yemək də faydalıdır. Uşağın çantasına meyvə, şəkərsiz qatıq, pendirli tam taxıllı sendviç, qoz-fındıq (allergiya yoxdursa) kimi seçimlər qoymaq olar. Çips, kraker, şirin qazlı içkilər və çox şəkərli paketli məhsulların əvəzinə daha qidalı alternativlər seçilməlidir.
Nahar və axşam yeməyində tərəvəzlər, ət, toyuq, balıq, yumurta və paxlalılar kimi zülal mənbələri, düyü, qarabaşaq, bulqur, kartof və ya tam taxıllı məhsullar balanslı şəkildə yer almalıdır. Menyu hər gün eyni olmamalı, müxtəlif məhsullarla zənginləşdirilməlidir.
Su əsas içki olmalıdır. Uşağın məktəbə su qabı aparması və gün ərzində kifayət qədər su içməsi vacibdir. Qazlı və enerji içkiləri, çox şəkərli şirələr uşaqlar üçün uyğun gündəlik içki seçimi deyil.
Əsas məqam isə uşağı yeməyə məcbur etməmək, porsiyaları yaşına və fiziki aktivliyinə uyğun müəyyənləşdirməkdir. Sağlam qidalanma qadağalar üzərində deyil, düzgün seçimlərin gündəlik vərdişə çevrilməsi üzərində qurulmalıdır.
Sağlam qidalanaraq sağlam yaşayın!”.
Ayşən Vəli