Məhkəmə qərarı ilə sosial şəbəkədəki görüntünü sildirmək mümkündürmü? - HÜQUQŞÜNAS AÇIQLADI

2 Sentyabr 2026 16:40 (UTC+04:00)

Rəqəmsal dövrdə sosial şəbəkələrdə foto və videoların paylaşılması adi hala çevrilsə də, bəzi hallarda bu paylaşımlar şəxslərin şəxsi həyatının toxunulmazlığı, şərəf və ləyaqəti, habelə təsvir hüquqları ilə bağlı hüquqi mübahisələr yaradır.

Xüsusilə razılıq alınmadan yayılan görüntülər və ya şəxsin nüfuzuna zərər vuran paylaşımlar məhkəmə müstəvisinə daşına bilir.

Bəs sosial şəbəkədə paylaşılmış görüntünün silinməsinə məhkəmə qərarı ilə nail olmaq nə dərəcədə mümkündür?

Məsələ ilə bağlı hüquqşünas Xanım Yusifova SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, sosial şəbəkədə paylaşılmış görüntünün silinməsi üçün məhkəməyə müraciət etmək mümkündür və bir çox hallarda məhkəmə belə tələbi təmin edə bilər. Bunun üçün həmin paylaşımın şəxsin hüquqlarını pozduğu sübuta yetirilməlidir:

“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində hər kəsin şəxsi həyatının toxunulmazlığı hüququ təsbit olunub. Həmin maddəyə görə, şəxsin razılığı olmadan onun barəsində məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qanunla müəyyən edilmiş hallar istisna olmaqla yolverilməzdir.

Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsini nəzərdə tutur. Əgər paylaşılmış görüntü şəxsin nüfuzuna xələl gətirirsə və ya onu cəmiyyət qarşısında mənfi şəkildə təqdim edirsə, həmin şəxs məlumatın təkzib olunmasını və yayımın dayandırılmasını tələb edə bilər.

Bundan əlavə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda da şəxsi məlumatların qorunması ilə bağlı müddəalar mövcuddur. Şəxsin açıq razılığı olmadan onun görüntüsünün yayılması müəyyən hallarda hüquq pozuntusu kimi qiymətləndirilə bilər”.