“Sonra həll edərəm” düşüncəsinin psixologiyası - PSİXOLOQ ACIQLADI

2 Sentyabr 2026 16:09 (UTC+04:00)

"İnsanların problemlərin həllini davamlı təxirə salması hər zaman tənbəllik və ya məsuliyyətsizlik kimi qiymətləndirilməməlidir. Psixoloji baxımdan bu davranış insanın temperament xüsusiyyətləri, emosional reaksiyaları, özünüidarə bacarığı və stressə qarşı həssaslığı ilə əlaqəli ola bilər". Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova bildirib.

Onun sözlərinə görə, temperament insanın hadisələrə hansı sürətlə və intensivliklə reaksiya verdiyini müəyyən edən fərdi xüsusiyyətlərdən biridir: "Klassik yanaşmada daha həssas və narahatlığa meyilli temperamentə sahib insan problemin yaradacağı mənfi nəticələri əvvəlcədən düşünərək gərginlik keçirə və həll prosesindən yayınmağa meyllənə bilər. Daha impulsiv insan isə uzunmüddətli nəticədən çox, həmin anda ona rahatlıq və ya zövq verən fəaliyyətə üstünlük verərək problemi sonraya saxlaya bilər. Lakin temperament insanın mütləq təxirəsalan olacağı anlamına gəlmir.

Müasir psixoloji araşdırmalar göstərir ki, təxirəsalma ilə ən güclü əlaqələrdən biri özünənəzarət və vicdanlılıq xüsusiyyətləri ilə bağlıdır. Planlaşdırma, intizam və məqsədyönlülük zəiflədikdə insanın vacib işi başlaması və davam etdirməsi çətinləşə bilər. Emosional sabitliyin aşağı olması və stressə həssaslıq da bəzi insanlarda təxirəsalmanı gücləndirə bilər.

Təcrübəmdə müşahidə edirəm ki, bəzi insanlar əslində problemin özündən deyil, problemin onlarda yaratdığı hissdən qaçırlar. “Sonra həll edərəm” düşüncəsi həmin anda narahatlığı azaldır və insana müvəqqəti rahatlıq verir. Beyin bu rahatlığı öyrəndikcə eyni davranış növbəti çətinlik zamanı yenidən təkrarlana bilər.

Beləcə bir dövr yaranır: problem – gərginlik – təxirə salma – müvəqqəti rahatlıq – daha böyük problem – daha güclü gərginlik. Zaman keçdikcə bu davranış stressin, günahkarlıq hissinin, özünəinamın azalmasının və nəzarəti itirmə hissinin artmasına səbəb ola bilər.

Mənim fikrimcə, insanın özünə “Niyə bunu həll etmirəm?” sualından əvvəl “Bu problemi həll etməyə başlayanda hansı hisslə üzləşməkdən qorxuram?” sualını verməsi çox vacibdir. Çünki bəzən təxirə saldığımız problem deyil, onun bizdə yaratdığı qorxu, narahatlıq və məsuliyyət hissidir.

Problemləri həll etmə bacarığı temperamentdən asılı olaraq fərqlənə bilər, amma dəyişməz xüsusiyyət deyil. İnsan problemi kiçik mərhələlərə bölməyi, emosiyalarını idarə etməyi və ilk addımı vaxtında atmağı öyrəndikcə təxirəsalma dövrəsini də tədricən qıra bilər".