“Azərbaycan-Ermənistan münasibətlərinin institusional sülh mərhələsinə keçidi diqqət çəkir” -ŞƏRH

2 Sentyabr 2026 13:17 (UTC+04:00)

“Prezident İlham Əliyevin Paşinyanla keçirilən görüşü Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən siyasi təmaslardan biridir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.

Onun sözlərinə görə , görüşün xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində baş tutması da diqqətçəkəndir:

”Çünki tərəflər artıq təkcə münaqişənin nəticələrini müzakirə edən iki dövlət kimi deyil, postmünaqişə dövründə münasibətləri normallaşdırmağa və regional əməkdaşlıq mexanizmləri qurmağa çalışan qonşu ölkələr kimi çıxış edirlər.
Görüşün ən mühüm tərəfi ondan ibarətdir ki, liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların tarixi əhəmiyyətini bir daha təsdiqləyiblər. Bu, çox vacib siyasi mesajdır. Çünki Azərbaycan və Ermənistan arasında sülh prosesi artıq sadəcə danışıqlar masasında əldə ediləcək razılaşma mərhələsindən çıxaraq, əldə olunmuş razılaşmaların icrası mərhələsinə keçir. Tərəflərin birbaşa təmasların davam etdirilməsi barədə razılığa gəlməsi də prosesin ikitərəfli mexanizmə keçdiyini göstərir.
Bişkek görüşündə iqtisadi və nəqliyyat məsələlərinin ön plana çıxması da təsadüfi deyil. Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan ərazisindən tranziti və iki ölkə arasında ticarət əlaqələrinin qurulması artıq sülhün real iqtisadi nəticələr verməyə başladığını göstərir. Başqa sözlə, tərəflər siyasi münasibətlərin normallaşmasını cəmiyyətlər üçün konkret iqtisadi faydaya çevirməyə çalışırlar.
Digər mühüm məsələ dövlət sərhədinin delimitasiyasıdır. Bu prosesin iki ölkənin müvafiq komissiyaları tərəfindən davam etdirilməsinin vurğulanması onu göstərir ki, sülh artıq xəritələr, sərhəd xətləri və praktiki mexanizmlərlə möhkəmləndirilməlidir. Sərhədin hüquqi və texniki baxımdan müəyyənləşdirilməsi gələcəkdə qarşılıqlı ittihamların və lokal insidentlərin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni şəkildə TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılması da görüşün ən strateji hissələrindən biridir. Belə ki, bu layihə təkcə Azərbaycan və Ermənistan arasında kommunikasiya məsələsi deyil, Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişə biləcək daha geniş regional layihədir. Bu istiqamətdə Ermənistanın öz öhdəliklərini tez bir zamanda icra etməsi və artıq layihə ilə bağlı praktik addımların atılması lazımdır.
Düşünürəm ki, Bişkek görüşünün ən mühüm siyasi nəticəsi indiyə qədər əldə olunmuş razılaşmaların praktik müstəviyə daşınmasıdır. Bu baxımdan Bişkek görüşünü sadəcə növbəti diplomatik təmas deyil, Azərbaycan-Ermənistan münasibətlərinin müharibədən sonrakı mərhələdən institusional sülh mərhələsinə keçidinin göstəricisi kimi qiymətləndirmək olar”.