“ŞƏT Azərbaycanın siyasi manevr imkanlarını və iqtisadi potensialını genişləndirir” - ŞƏRH

2 Sentyabr 2026 12:24 (UTC+04:00)

“Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq təhlükəsizlik mexanizmlərinin ciddi sınaqlardan keçdiyi bir vaxtda Prezident İlham Əliyevin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, səfəri yalnız beynəlxalq tədbirdə iştirak kimi qiymətləndirmək düzgün olmaz:

“Azərbaycan son illərdə müxtəlif siyasi və iqtisadi platformalarda fəallığını artıraraq dəyişən dünya nizamında öz mövqeyini möhkəmləndirir. ŞƏT də bu baxımdan ölkəmiz üçün mühüm əməkdaşlıq imkanları yaradan platformalardan biridir.

Sammit çərçivəsində keçirilən görüşlər Azərbaycanın həm regional, həm də daha geniş Avrasiya gündəliyində fəal iştirak etdiyini göstərdi. Ermənistan, Türkiyə, İran, Qırğızıstan və digər ölkələrin rəhbərləri ilə aparılan müzakirələr siyasi dialoqla yanaşı, iqtisadi, nəqliyyat və təhlükəsizlik məsələlərinin də gündəmdə olduğunu ortaya qoyur.

Səfərin mühüm tərəflərindən biri Cənubi Qafqazda yaranmış yeni reallıqların təqdim edilməsidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda qarşıdurmadan əməkdaşlığa keçid üçün yeni imkanlar yaranıb. Bu prosesin davam etdirilməsi həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, həm də regional iqtisadi əlaqələrin genişlənməsi baxımından vacibdir.

Bu istiqamətdə nəqliyyat və logistika xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşməsi ölkənin Avrasiyanın mühüm tranzit mərkəzlərindən birinə çevrilməsinə imkan verir. Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi ilə bağlı perspektivlər Azərbaycanın regional bağlantılardakı rolunu daha da artırır.

Çinlə əməkdaşlığın genişlənməsi də bu prosesin mühüm hissəsidir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın mövqeyi, eləcə də Çinlə strateji tərəfdaşlığın inkişafı ticarət, investisiya, logistika, texnologiya və yaşıl enerji sahələrində yeni imkanlar yaradır. Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşməsi isə Xəzər üzərindən Avropa bazarlarına çıxış baxımından Azərbaycanın əhəmiyyətini artırır.

Qırğızıstanla münasibətlər bu mənzərədə ayrıca yer tutur. İki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmlənməsi siyasi münasibətlərlə məhdudlaşmır. Elm, təhsil, mədəniyyət və incəsənət sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycan və Qırğızıstan arasında əlaqələrin daha möhkəm əsaslar üzərində inkişaf etdiyini göstərir.

Bişkek səfəri çərçivəsində Azərbaycanın beynəlxalq sistemlə bağlı mövqeyi də diqqət çəkir. Mövcud qlobal çağırışlar beynəlxalq institutların daha çevik və effektiv fəaliyyət göstərməsini zəruri edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı uzun illər mövcud olmuş problemlər beynəlxalq hüququn mexanizmlərinin təkmilləşdirilməsi məsələsini aktuallaşdırır.

Azərbaycanın təcrübəsi isə bu məsələdə xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yeni siyasi reallıq yaradıb. İndi əsas məqsəd bu reallığı davamlı sülhə, təhlükəsizliyə və iqtisadi əməkdaşlığa çevirməkdir.

Ümumilikdə, Prezident İlham Əliyevin Bişkek səfəri Azərbaycanın yalnız regional proseslərin iştirakçısı deyil, Avrasiyada formalaşan yeni siyasi və iqtisadi arxitekturanın fəal aktorlarından biri olduğunu göstərir. ŞƏT, Çin, Mərkəzi Asiya və digər tərəfdaşlarla əlaqələrin inkişafı Azərbaycanın siyasi manevr imkanlarını və iqtisadi potensialını genişləndirir.

Bu baxımdan səfərin əsas nəticəsi Azərbaycanın dəyişən beynəlxalq şəraitə uyğunlaşmaqla kifayətlənmədiyini, yeni əməkdaşlıq formatlarının formalaşmasında və regional proseslərin istiqamətinin müəyyənləşdirilməsində daha fəal rol almağa çalışdığını göstərməsidir”.