BMT-nin səmərəliliyinin artırılması üçün səylər göstərmək lazımdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən “ŞƏT+” formatında görüşdə çıxışı zamanı deyib.
“Şübhəsiz ki, Birləşmiş Millətlər Təşkilatının dünya işlərində mərkəzi rolu var və gələcəkdə də olmalıdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, BMT-nin potensialı göründüyü kimi heç də tam reallaşdırılmayıb və onun fəaliyyətinin səmərəliliyinin artırılması, o cümlədən Təhlükəsizlik Şurasında qurumlarının təmsilçiliyinin Qlobal Cənub və Şərq ölkələrinin hesabına genişləndirilməsi, bütövlükdə isə qlobal siyasət və iqtisadiyyatda baş verən fundamental dəyişikliklərə, dəyişən reallıqlara uyğunlaşdırılması üçün səylər göstərmək vacibdir.
“Yeni, həqiqətən ədalətli, çoxqütblü dünya nizamının formalaşmasından söhbət gedir. Bu proses obyektiv xarakter daşıyır və açıq desək, bu hamı üçün artıq aydın olduğu kimi, geri dönməz xarakter daşıyır. Bir çox dövlət öz taleyini müstəqil şəkildə müəyyənləşdirməyə, qanuni maraqlarını qətiyyətlə müdafiə etməyə və beynəlxalq həyatda fəal iştirak etməyə çalışır. Bunu nəzərə alaraq BMT-nin birləşdirici və quruculuq fəaliyyəti böyük tələbata malikdir”, - deyə Putin əlavə edib.
Rusiya Prezidenti vurğulayıb ki, Ümumdünya Təşkilatı, şübhəsiz, maraqların uzlaşdırılması üzrə əsas mexanizm funksiyasını özündə saxlamalıdır.
“BMT elə əvvəldən bu məqsədlə - maraqların uzlaşdırılması mexanizmi kimi yaradılıb. Əlbəttə, hansısa bir ölkənin və ya ölkələr qrupunun maraqlarını təşviq edən təşkilat ola bilməz. Təkrar edirəm, dünyada başqa belə mexanizm olmadığı üçün, şübhəsiz, BMT maraqların uzlaşdırılmasının əsas mexanizmi olaraq qalmalıdır.
BMT Nizamnaməsi bundan sonra da beynəlxalq hüququn əsas mənbəyi olaraq qalmalıdır. Aydındır ki, çoxqütblü dünyanın arxitekturasına Birləşmiş Millətlər Təşkilatı ilə yanaşı, Asiya, Afrika və Latın Amerikasında meydana çıxmış və güclənmiş yeni çoxtərəfli regional strukturlar da üzv şəklində daxil olur. Belə strukturlardan biri də məhz bizim Şanxay Əməkdaşlıq Təşkilatımızdır”, - deyə o əlavə edib.