Yaxud, 500 illik fasiləsiz işğal və hərbi ekspansiyanın nəticəsi
Müasir dünya xəritəsinə nəzər saldıqda 17.1 milyon kvadratkilometr sahəsi ilə Rusiya Federasiyasının tutduğu nəhəng coğrafiya diqqəti cəlb edir. Lakin bu böyüklük təsadüfi bir coğrafi bəxt deyil. Moskva Knyazlığından başlayan və təxminən 500 il davam edən fasiləsiz ekspansiya, hərbi işğallar, kolonizasiya və diplomatik addımların nəticəsidir.
Rus imperiya təfəkkürünün formalaşması və bu gün gördüyümüz sərhədlərə çatması tarixən 6 ana dövr üzrə təsnif olunur.
I Mərhələ
XV əsrin sonlarında Moskva Knyazlığı Qızıl Orda asılılığından tamamilə qurtulduqdan sonra ətrafdakı digər rus knyazlıqlarını vahid mərkəzdə birləşdirməyə başladı. 1550-ci illərdə İvan Qroznı Qazan və Həştərxan xanlıqlarını süquta uğratdı. Bununla Rusiya Volqa çayı boyunca Xəzər dənizinə çıxış əldə etdi və ilk dəfə olaraq çoxmillətli imperiya modelinin təməli qoyuldu. XVI əsrin sonlarında kazak hərbi dəstələrinin (Yermakın yürüşü) köməyi ilə Ural dağları keçildi və Sibir xanlığı məğlub edildi.
II Mərhələ
Romanovlar sülaləsi dövrünə təsadüf edən mərhələdə rus kazakları və ekspedisiyaları Sibirin geniş, seyrək məskunlaşılmış ərazilərini sürətlə keçərək əsrin ortalarında Sakit Okean sahillərinə (Oxotsk dənizi) çatdılar. Genişlənmənin əsas iqtisadi stimulu qiymətli xəz dərisi ticarəti idi. 1654-cü ildə Polşa-Litva dövlətinə (Reç Pospolita) qarşı mübarizədə Dnepr boyu Ukrayna torpaqları (Pereyaslav sazişi) Rusiya çarlığının tərkibinə qatıldı, Smolensk və Kiyev ələ keçirildi.
III Mərhələ
I Pyotr və II Yekaterinanın dövrü Rusiyanın kontinental dövlətdən Avropanın aparıcı qlobal imperiyasına çevrilməsi dövrüdür. I Pyotr İsveçi məğlub edərək Baltik dənizinə çıxış qazandı. Yeni paytaxt Sankt-Peterburq tikildi və 1721-ci ildə dövlət rəsmən İmperiya elan olundu. II Yekaterina dövründə Osmanlı İmperiyası ilə aparılan müharibələr nəticəsində Şimali Qara dəniz sahilləri və Krım Xanlığı (1783) ilhaq edildi. Polşanın üç dəfə bölüşdürülməsi ilə Litva, Belarus və Sağ Sahil Ukraynası imperiyaya birləşdirildi.
IV Mərhələ
I Aleksandr, I Nikolay, II Aleksandrın dövründə Rusiya öz sərhədlərini maksimum həddə çatdırdı. Qacarlar ilə müharibələr nəticəsində Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Şimali Azərbaycan (Bakı, Gəncə, İrəvan, Naxçıvan xanlıqları) və Gürcüstan ilhaq edildi. Qafqaz müharibələri (1817–1864) ilə Şimali Qafqaz tam nəzarətə götürüldü. XIX əsrin ikinci yarısında Xiva, Buxara və Qoqand xanlıqları məğlub edilərək Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan əraziləri işğal olundu. Çinlə imzalanan müqavilələrlə Amur və Ussuri boyu ərazilər (Vladivostok) ələ keçirildi. Bununla yanaşı, 1867-ci ildə Alyaska ABŞ-a satıldı.
V Mərhələ
1917-ci il inqilabından sonra çar imperiyası dağılsa da, bolşeviklər ərazilərin böyük hissəsini SSRİ adı altında birləşdirdilər. İkinci Dünya Müharibəsindən sonra SSRİ Baltikyanı ölkələri, Qərbi Ukraynanı, Moldovanı (Bessarabiya), Kalininqradı və Yaponiyadan Kuril adalarını özünə qatdı.
VI Mərhələ
1991-ci ildə SSRİ-nin süqutu ilə Rusiya 14 müstəqil respublikanı (o cümlədən Azərbaycanı) itirsə də, 17.1 milyon km² ərazi ilə hələ də dünyanın sahəcə ən böyük dövlətidir.
İşğalın 3 əsas mexanizmi
Maraqlıdır, bəs ruslar bu qədər ərazini necə ələ keçirə biliblər? Bunun da sadə səbəbləri var. Sibirin azməskunlaşmış olması rusların Sakit okeanacan maneəsiz irəliləməsinə şərait yaradıldı. Güclü imperiyalarla (Osmanlı, İsveç, Qacarlar) aparılan şiddətli müharibələr hesabına dənizlərə çıxış alındı. İşğal olunmuş regionlara (Qafqaz, Mərkəzi Asiya) slavyan əhalisinin köçürülməsi ilə hərbi və demoqrafik nəzarət təmin edildi.
V.VƏLİLİ