Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri ipoteka kreditlərinin şərtləri, xüsusilə də faiz dərəcələrinin yüksək olmasıdır. Kredit resurslarına çıxışın məhdudluğu və banklar arasında rəqabətin əvvəlki illərlə müqayisədə zəifləməsi də mənzil bazarında alıcıların imkanlarını məhdudlaşdıran amillər sırasında göstərilir.
Bəs mənzil kreditlərinin daha əlçatan olması üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov SİA-ya açıqlamasında bildirib ki, məsələyə həm rəsmi, həm də qeyri-rəsmi tərəfdən yanaşmaq lazımdır:
“Azərbaycanda bank sektorunda rəqabətin əvvəlki illərlə müqayisədə azalması kredit resurslarının əlçatanlığına da təsir göstərib.
İşin həm rəsmi, həm də qeyri-rəsmi tərəfi var. Zamanında Azərbaycanda 44 bank fəaliyyət göstərirdi, hazırda isə onların sayı 21-dir. Bu da vətəndaşların kredit resurslarına çıxış imkanlarını müəyyən qədər azaldıb. Banklar arasında rəqabət də zəifləyib. Rəqabətin azalması isə kredit şərtlərinə, o cümlədən faiz dərəcələrinə təsir edən amillərdən biridir.
Vətəndaşların daha əlverişli şərtlərlə mənzil əldə etməsi üçün yalnız ənənəvi ipoteka mexanizmləri ilə kifayətlənmək olmaz. Alternativ maliyyələşdirmə modellərinin tətbiqi də nəzərdən keçirilməlidir. Bu baxımdan Türkiyədə tətbiq olunan bəzi modellər Azərbaycan üçün də nümunə ola bilər.
Qonşu Türkiyədə buna bənzər modellər mövcuddur. Yerli bələdiyyə strukturu banklarla birlikdə müəyyən layihə hazırlayır və həmin layihə tikinti şirkətlərinə təqdim edilir. Tikinti şirkəti layihəni həyata keçirərkən ilkin mərhələdə müəyyən hissəsini maliyyələşdirir. Qalan hissəsi isə mənzillər satışa çıxarıldıqdan sonra həmin mənzilləri alan vətəndaşlar tərəfindən ödənilir. Bu, özünü doğrultmuş modellərdən biridir.
Azərbaycanda da bu cür mexanizmlərin tətbiqi həm tikinti sektorunun inkişafına, həm də vətəndaşların mənzil əldə etmək imkanlarının genişlənməsinə şərait yarada bilər.
Bizdə isə hazırda belə bir model yoxdur. Əgər dövlət, bələdiyyələr, banklar və tikinti şirkətləri arasında əməkdaşlıq mexanizmi qurularsa, mənzil layihələrinin maliyyələşdirilməsi və vətəndaşlara daha münasib şərtlərlə təqdim olunması mümkün ola bilər. Bu istiqamətdə yeni maliyyələşdirmə modellərinin yaradılmasına ehtiyac var”.