Bu gün qardaş Qırğızıstanın paytaxtı Bişkek Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirak edən liderləri qəbul edir. Bişkek liderləri bir araya gətirən mühüm diplomatik platformaya çevrilib.
Zirvə öncəsi keçirilən ikitərəfli görüşlər arasında ən çox diqqət çəkən görüşlərdən biri Ali Baş Komandan, Prezident cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş olub. Görüş zamanı müzakirə olunan məsələlər və gələcəyə hesablanmış qərarlar beynəlxalq arenada böyük diqqət çəkib.
1996-cı ildə 5 ölkə tərəfindən yaradılan təşkilatın bu gün üzvlərinin sayı 10-a, dialoq tərəfdaşı olan ölkələrin sayı isə 15-ə çatıb. 2 ölkə müşahidəçi statusundadır. Başqa sözlə, ŞƏT çərçivəsində ümumilikdə 17 ölkə təmsil olunur. Bu ölkələrin əhalisi Avrasiya əhalisinin təxminən 42 faizini təşkil edir.
Quruluşunun 25-ci ildönümünü qeyd edən ŞƏT bölgənin ən mühüm siyasi və iqtisadi təşkilatlarından biridir. Təhlükəsizlik, terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, sərhəd təhlükəsizliyi kimi məsələlər təşkilatın əsas fəaliyyət istiqamətləri sırasındadır. Bununla yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat və dəhlizlər də təşkilatın daimi əsas gündəmində yer alan məsələlərdir.
ŞƏT həmçinin təşkilata üzv və tərəfdaş ölkələrə Qərbdən kənar güc mərkəzləri ilə əlaqələr qurmaq və əməkdaşlığı inkişaf etdirmək imkanı yaradır.
Bişkek Zirvə toplantısında Türkiyə və Azərbaycanın iştirak etməsi böyük əhəmiyyət daşıyır. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın ŞƏT toplantısında çıxış etməsi Türkiyə baxımından strateji diplomatiyanın mühüm nümunəsi kimi qiymətləndirilə bilər. Bu, Türkiyənin çoxtərəfli xarici siyasətini gündən-günə gücləndirir. Türkiyə bir tərəfdən NATO, Avropa Şurası kimi Qərb təsisatlarının tərkibində yer alır, digər tərəfdən isə Çin, Rusiya Federasiyası, Mərkəzi Asiya ölkələri, Qafqaz və digər Asiya dövlətləri ilə dərin münasibətlər inkişaf etdirir.
ŞƏT Zirvə toplantısı Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Zirvədə Prezident cənab İlham Əliyevin iştirak etməsi xüsusi önəm kəsb edir. Cənab Prezident regionun mühüm liderlərindən biri kimi qəbul olunur. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin daha da dərinləşməsi və Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə eyni masa arxasında yer alması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Xəzərdən keçən Orta Dəhliz ilə Zəngəzur dəhlizi arasındakı bağlantılar da mühüm məsələlər sırasındadır.
Azərbaycanın regional çəkisinin artması və çoxtərəfli xarici siyasətinin gündən-günə inkişaf etməsi baxımından ölkəmizin zirvədə iştirakı böyük əhəmiyyət daşıyır.
İki qardaş ölkə – Türkiyə və Azərbaycanın eyni zirvədə iştirak etməsi xüsusi önəm daşıyır. Bu, iki ölkənin Avrasiya siyasətlərinin bir-birini tamamladığını və bir çox istiqamətlərdə üst-üstə düşdüyünü göstərir.
Bundan əlavə, iki qardaş ölkə Asiyanı Avropaya, Avropanı isə Asiyaya bağlayan mühüm geosiyasi dövlətlərdir. Azərbaycan Asiyanın Avropaya açılan qapısı və Avrasiyanın vazkeçilməz, mühüm ölkələrindən biridir.
Türkiyə və Azərbaycan həm Qərblə, həm də Şərqlə münasibətləri inkişaf etdirməyi xarici siyasətlərinin əsas istiqamətlərindən biri kimi qəbul edirlər.
Nəticə etibarilə, ŞƏT çərçivəsində yer alan digər ölkələrə nəzər saldıqda təşkilatın yalnız Çin-Rusiya mərkəzli təhlükəsizlik qurumu olmadığı aydın görünür. Digər mühüm məqam isə regionda Qərb mərkəzli olmayan, çoxqütblü və çoxmərkəzli yeni beynəlxalq düzənin formalaşmasıdır.
Çinin iqtisadi gücü, Rusiyanın təhlükəsizlik və enerji potensialı, Türkiyə, Azərbaycan və Mərkəzi Asiyanın geostrateji mövqeyi, həmçinin Hindistan və İran kimi ölkələrin təşkilatda iştirakı ŞƏT-i mühüm Avrasiya platformasına çevirir.
Qiymətləndirmə olaraq, Bişkek Zirvə toplantısı ŞƏT-in yalnız təhlükəsizlik təşkilatı kimliyindən daha geniş Avrasiya əməkdaşlığı platformasına çevrilməsi baxımından diqqət çəkir.
Türkiyə və Azərbaycan üçün əsas fürsət Qərblə münasibətləri zəiflətmədən Çin, Rusiya və Mərkəzi Asiya ilə əlaqələri daha da inkişaf etdirməkdir. Bu baxımdan Türkiyə və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı iştirakı Şərqə yönəlmə kimi deyil, Avrasiyanın bütün güc mərkəzləri ilə eyni vaxtda münasibətlər qurmaq və əməkdaşlıq etmək bacarığı kimi qiymətləndirilməlidir.
Bundan əlavə, ŞƏT-in Bişkek Zirvə toplantısında iştirak edən 5 türk dövlətinin Türk Dövlətləri Təşkilatının üzvü olması da ayrıca əhəmiyyət və məna daşıyır.
Nə mutlu Türküm deyənə!
Hulusi Kılıç
Türkiyənin Azərbaycandakı sabiq səfiri
İMZA İB Türkiyə nümayəndəsi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Mütevelli Heyətinin üzvü