“Azərbaycan və Ermənistan dövlət başçılarının Şanxayda görüşü münasibətlərin bundan sonrakı mənzərəsinə təsir göstərmək gücündədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan münasibətlərinin indiki durumu dünyada mütləq əksər hallarda dövlətlər arasındakı ikitərəfli münasibətlərdən tam şəkildə fərqlidir:
“O mənada ki, yaxın keçmişdə müharibə vəziyyətində olmalarına baxmayaraq, bu gün Azərbaycan və Ermənistanın dialoq mövzuları tamamilə aydındır.
Bir çox həll edilməmiş məsələlər qalsa da, bütün həll edilməli və həll edilməkdə olan məsələlərin çərçivəsi tam şəkildə aydın cızılıb. Eyni zamanda demək olar ki, kəskin mübahisəli bir məsələ də qalmayıb. İki tərəf sülh sazişinin imzalanmasına doğru sürətlə gedir və buna görə də hər dəfə ikitərəfli görüşlərdən sonra sülh sazişinin yaxın zamanda imzalanacağı ilə bağlı ümidlər yaranır.
Buna görə də qətiyyətlə demək olar ki, bu görüş sülh sazişinin imzalanmasını müəyyən qədər yaxınlaşdırmış olur. Yəqin ki, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Bişkek görüşündə çoxlu sayda məsələlər müzakirə edilib. Mübahisəli hər hansı bir məsələ qalmasa da, mövcud vəziyyəti irəliyə doğru hərəkət etdirmək üçün bütün məsələlər ətrafında fikir mübadiləsi aparılmasına ehtiyac var idi. Yenə deyirəm ki, kəskin mübahisəli bir mövzu qalmasa da, bütün mövzuların indi olduğu nöqtədən irəli aparılması üçün hər dəfə yeni görüşlərə ehtiyac var.
Xüsusilə də Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı məsələnin müzakirə olunduğu şübhəsizdir. Sülh sazişinin imzalanması üçün pərdəarxasında zəruri şəkildə aparılan bəzi məsələlərlə bağlı müzakirələrin də olduğu şübhəsizdir. O cümlədən, Ermənistanda konstitusiya dəyişikliyi və Müstəqillik Aktına istinadın konstitusiyadan çıxarılması ilə bağlı məsələ ətrafında da fikir mübadiləsinin aparıldığını istisna etmirəm.
Çünki bu məsələ İlham Əliyev üçün də olduqca vacibdir. Paşinyan da bunun İlham Əliyev üçün çox vacib olduğunun fərqinə varmaya bilməz. Eyni zamanda, sərhədlərin delimitasiyası prosesinin çoxdan dayanmasını nəzərə alaraq, bu prosesin də yerindən tərpədilməsi üçün müəyyən fikirlərin mübadilə olunduğunu istisna etmirəm.
Eyni zamanda, dəmir yollarının çəkilməsi, Azərbaycan üzərindən Ermənistana müxtəlif ölkələrin yüklərinin daşınmasının daha da intensivləşdirilməsi, həmçinin Zəngəzur dəhlizində dəmir yolu çəkilənə qədər başqa kommunikasiyaların çəkilməsi, perspektivləri və mümkünlüyü ətrafında da fikir mübadiləsinin aparıldığını güman edirəm.
Bir sözlə, Azərbaycan-Ermənistan münasibətlərində hələ çox məsələlər öz həllini gözləsə də, bütün məsələlərlə bağlı anlaşıqlı mövqelər mövcuddur. Buna görə də hər dəfə İlham Əliyev ilə Paşinyanın görüşündə müəyyən konkret məsələlərlə bağlı irəliləyişin olacağı ilə əlaqədar ümidlər yaranır ki, bu da fikrimizcə, vəziyyətə tam uyğun qənaətə gəlmək deməkdir”.