“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası mühüm istiqamətlərdən biri olaraq qalır” -ŞƏRH

1 Sentyabr 2026 13:51 (UTC+04:00)

“Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində mühüm görüşlər baş tutub. Bunlar arasında ən çox diqqət çəkən, heç şübhəsiz, Azərbaycan Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş olub”. Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə , qeyd etmək lazımdır ki, hər iki lider ŞƏT Zirvə toplantısında iştirak etmək məqsədilə Bişkekə səfər etsə də, sammit çərçivəsində ikitərəfli görüşün keçirilməsi xüsusi əhəmiyyət daşıyır:

”Bu, hər şeydən əvvəl, Azərbaycan-Ermənistan münasibətlərində birbaşa dialoqun davam etdirilməsi baxımından müsbət məqamdır.

Göründüyü kimi, tərəflər görüşü hər hansı vasitəçinin iştirakı olmadan, birbaşa formatda keçirirlər. Ümumiyyətlə, son dövrlərdə Azərbaycan və Ermənistan arasında təmasların məhz ikitərəfli müstəvidə aparılması, eləcə də belə görüşlərin beynəlxalq tədbirlər çərçivəsində əvvəlcədən razılaşdırılaraq dövlət rəsmiləri tərəfindən təşkil edilməsi tərəflər arasında dialoq kanallarının qorunduğunu və siyasi təmasların davam etdiyini göstərir.

Görüş zamanı liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin nəticələrinə də toxunublar. Onlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin, eləcə də “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini xüsusi vurğulayıblar.

Bu da müsbət məqamdır. Çünki tərəflər arasında hazırda daha çox ortaq məxrəcə gəlinən və ya həlli mümkün hesab edilən məsələlər ətrafında danışıqlar aparılır. Halbuki 30 ildən artıq davam edən danışıqlar prosesində tərəflərin ciddi fikir ayrılıqları içində olduğunun və bu səbəbdən prosesin nəticəsiz qaldığının şahidi olurduq. Bu mənada, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və uzunmüddətli sülhün formalaşdırılması istiqamətində mühüm siyasi mərhələ idi.

Əslində, bu gün sülh prosesi konkret praktiki nəticələrlə müşayiət olunur. Məsələn, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranzitinin həyata keçirilməsi, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh öncəsi əldə edilən mühüm və əyani uğurlardır.

Görüşdə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsi də mühüm istiqamətlərdən biri kimi diqqətdə saxlanılıb. Tərəflər delimitasiya üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edərək, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun şəkildə fəaliyyətlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.

Bu məsələ xüsusilə önəmlidir. Çünki sülhün dayanıqlı olması üçün dövlətlər arasında sərhədlərin hüquqi və praktiki baxımdan müəyyənləşdirilməsi vacib şərtlərdən biridir. Düzdür, bu sahədə tərəflər arasında mühüm irəliləyiş var. Proses ümumilikdə ləng gedə bilər. Amma nəticə var və bu, müsbətdir.

Liderlər görüş zamanı TRIPP layihəsinin əhəmiyyətini də xüsusi qeyd ediblər. Bu gün heç kəsə sirr deyil ki, TRIPP yalnız nəqliyyat məsələsi deyil. Bu marşrut regionda yeni kommunikasiya imkanlarının formalaşmasına, iqtisadi əlaqələrin genişlənməsinə və Cənubi Qafqazın daha geniş regional nəqliyyat şəbəkəsinə inteqrasiyasına şərait yaradacaq.

Azərbaycan-Ermənistan münasibətləri baxımından isə bu cür bağlantıların yaradılması iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsi və sülhün praktiki icrası baxımından həyati əhəmiyyət daşıyır”.