Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "ŞƏT plyus" formatını regionlararası dialoq meydançası kimi inkişaf etdirməyi təklif edib.
SİA xəbər verir ki, bunu Özbəkistan Prezidenti "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxışı zamanı bildirib.
"Bu platforma dövlətləri, regionları və təşkilatları ümumi gündəlik ətrafında birləşdirmək qabiliyyətinə malikdir. Burada müxtəlif təşəbbüslərin əlaqələndirilməsi və qlobal idarəetmə arxitekturasının formalaşdırılması üzrə dialoq aparmaq mümkündür və lazımdır", - o bildirib.
Özbəkistan Prezidenti qeyd edib ki, BMT mərkəzi əlaqələndirici rolunu qoruyub saxlamalı, regional strukturlar isə onun səylərini tamamlamalıdır. Onun sözlərinə görə, yeni dünya nizamı regional problemlərin ədalətli həllinə kömək etməlidir.
Mirziyoyev həmçinin bildirib ki, Özbəkistan Avrasiya məkanında açıq və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına sadiqdir.
O, görüş iştirakçılarına dayanıqlı artım, yüksək texnologiyaların tətbiqi, iqlim dəyişmələrinə uyğunlaşma, insan kapitalının inkişafı, əlçatan təhsil və gənclərə dəstək kimi istiqamətlərə diqqət yetirməyi təklif edib.
Bundan başqa, o, BMT çərçivəsində daha geniş təcrübə mübadiləsi aparmağın, yanaşmaları razılaşdırmağın və qərarları birgə təşviq etməyin zəruriliyini qeyd edib.
Özbəkistan Prezidenti əlavə edib ki, "ŞƏT plyus" regional təşkilatların tərəfdaşlıq şəbəkəsinin yaradılması üçün platforma kimi çıxış edə bilər.