Kətan toxumunu “arıqladan möcüzəvi qida” kimi təqdim etmək doğru deyil. Heç bir qida təkbaşına piy yandırmır və çəki azalmasına səbəb olmur. Arıqlamanın əsasında düzgün qidalanma, kalori balansı və fiziki aktivlik dayanır.
Bu sözləri SİA-ya dietoloq Ceyhunə Yusifova deyib.

O bildirib ki, amma kətan toxumu düzgün qidalanma proqramının bir hissəsi kimi çəki nəzarətinə dəstək ola bilər. Tərkibində yüksək miqdarda lif olduğu üçün toxluq hissinin daha uzun davam etməsinə, iştahanın idarə olunmasına və bağırsaq fəaliyyətinin yaxşılaşmasına kömək edə bilər. Eyni zamanda omeqa-3 yağ turşularının bitki mənşəli forması olan ALA və faydalı lignanlarla zəngindir:
“Kətan toxumundan faydalanmaq üçün onu üyüdülmüş formada istifadə etmək daha məqsədəuyğundur. Bütöv toxum həzm sistemindən tam parçalanmadan keçə və tərkibindəki faydalı maddələrin mənimsənilməsi daha az ola bilər.
Sağlam yetkin insan üçün adətən gündə 1–2 xörək qaşığı üyüdülmüş kətan toxumu kifayətdir. İlk dəfə istifadə edənlər isə 1 çay qaşığından başlayaraq miqdarı tədricən artıra bilərlər. Qatığa, kefirə, yulafa, salata və ya smuziyə əlavə etmək mümkündür. Lif qəbulunu artırdığımız üçün gün ərzində kifayət qədər su içmək də vacibdir.
Sosial mediada yayılan “gecə kətan toxumu iç, səhər yağların ərisin” və ya “kətan toxumu qarın piylərini əridir” kimi fikirlərin isə elmi əsası yoxdur. Kətan toxumu möcüzə deyil, sadəcə düzgün istifadə edildikdə sağlam qidalanmanı dəstəkləyən faydalı bir qidadır”.
Ayşən Vəli