"Sülh prosesi dərinləşdikcə Azərbaycan-Ermənistan ticarət əlaqələri də genişlənə bilər" - SİYASİ ŞƏRHÇİ

1 Sentyabr 2026 11:51 (UTC+04:00)

"Azərbaycan ilə Ermənistan arasında ticarət əlaqələri artıq mövcuddur. Belə ki, Azərbaycan Ermənistana neft məhsulları satır, eyni zamanda, ölkəmizin ərazisindən keçməklə nəqliyyat-tranzit yollarını Ermənistan üçün açıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Vaşinqtonda əldə olunan razılaşmadan sonra Azərbaycan və Ermənistan sülh yolunda irəliləyərək addım-addım əməkdaşlıqlarını müxtəlif formalarda inkişaf etdirirlər: "Çünki uzun illər müharibə şəraitində yaşamış ölkələrin birdən-birə bütün münasibətlərini tənzimləməsi olduqca mürəkkəb prosesdir. Burada ictimai, siyasi, iqtisadi və ticarət amilləri mühüm rol oynayır.

İki ölkə arasında ictimaiyyət nümayəndələrinin və rəsmi şəxslərin görüşləri, xarici işlər nazirlərinin telefon danışıqları, ölkə rəhbərlərinin beynəlxalq tədbirlər çərçivəsində təmasları, həmçinin Azərbaycanın ərazisindən keçməklə Ermənistana taxıl məhsullarının daşınması münasibətlərin tədricən normallaşmasına xidmət edən addımlardır. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı da bu baxımdan ikitərəfli əməkdaşlığın iqtisadi istiqamətlərindən biridir.

Neft məhsullarının ixracı ilə bağlı Ermənistanın təklifi qəbul olunduqdan sonra tədarükün başlaması iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün zəmin yaradıb. Əgər müvafiq razılaşmalar əldə olunarsa, gələcəkdə müəyyən Ermənistan məhsullarının da Azərbaycan bazarına daxil olması mümkündür. Bu barədə Azərbaycan rəsmilərinin çıxışlarında da fikirlər səsləndirilib.

Təbii ki, Azərbaycan neft məhsullarının Ermənistana satılması Ermənistan ictimaiyyətində müəyyən narazılıq doğursa da, zaman keçdikcə cəmiyyət buna daha sakit yanaşmağa və prosesi qəbul etməyə başlayıb. Eyni hal Azərbaycan cəmiyyətində Ermənistan məhsullarının bazara daxil olması məsələsində də müxtəlif reaksiyaların yaranmasına səbəb ola bilər.

Lakin dövlətlər arasında sülh formalaşdıqca siyasi münasibətlərlə yanaşı, iqtisadi və ticarət əlaqələrinin də inkişaf etməsi təbiidir. Qarşılıqlı alış-veriş və regional əməkdaşlıq hər iki tərəf üçün iqtisadi fayda yarada, regionda sabitliyə və qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verə bilər.

Azərbaycanın mövqeyi hər zaman regional sabitliyə və qonşuları ilə münasibətlərin inkişafına yönəlib. Bununla yanaşı, Azərbaycanın uzun illər ərazilərinin işğal altında qalması və bu işğalın Ermənistan tərəfindən həyata keçirilməsi cəmiyyətdə haqlı olaraq müəyyən ehtiyatlı yanaşmanın qalmasına səbəb olur. Azərbaycan artıq öz üzərinə düşən öhdəlikləri artıqlaması ilə yerinə yetirib və qarşı tərəfdən də ciddi addımlar gözləyir.

Sülhün təmin olunması üçün ticarət əlaqələri ilə yanaşı, siyasi dialoq, əldə olunmuş razılaşmaların icrası və sərhəd məsələlərinin həlli də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Ermənistan öz üzərinə düşən konstitusiya dəyişikliklərini həyata keçirməli, Azərbaycana qarşı ərazi iddialarını hüquqi-normativ aktlarından çıxarmalıdır.

Azərbaycan güclü dövlət kimi bütün ehtimallara hazırdır və qalib ölkə olaraq sülhün tərəfdarıdır. Ölkəmiz keçmişdə baş verənləri və ərazilərinin işğal olunduğunu unutmur, eyni zamanda, təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirir. Azərbaycan tarixini unutmadan gələcəyə baxaraq regionda sülhün, sabitliyin və əməkdaşlığın formalaşmasına xidmət edən addımlar atır.

Bir ölkənin və bütövlükdə regionun inkişafı sabitlikdən və sülhdən keçir. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, Cənubi Qafqazda davamlı sülh, sabitlik və əməkdaşlıq mühiti formalaşa bilər".