Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? -HƏKİM DANIŞDI

1 Sentyabr 2026 11:51 (UTC+04:00)

“Payız fəsli təbiətin ən gözəl və rəngarəng dövrlərindən biri olsa da, bu mövsüm insan orqanizmi üçün müəyyən sınaqlar yaradır”. Bu sözləri SİA -ya açıqlamasında həkim, terapevt Fidan Həsənli bildirib.

Onun sözlərinə görə, yay aylarının isti havasından sonra temperaturun qısa müddətdə dəyişməsi, səhər və axşam saatlarında havanın kəskin soyuması, gün ərzində isə nisbətən isti keçməsi orqanizmin adaptasiya mexanizmlərinə əlavə yük düşməsinə səbəb olur:

”Məhz buna görə də payız aylarında respirator infeksiyaların, qripin, bronxitin və digər mövsümi xəstəliklərin artdığı müşahidə edilir.

Bir çox insanlar arasında "soyuq hava xəstəlik yaradır" düşüncəsi mövcuddur. Əslində isə xəstəliyin əsas səbəbi virus və bakteriyalardır. Lakin havaların qəfil dəyişməsi tənəffüs yollarının selikli qişalarında qoruyucu mexanizmlərin fəaliyyətini zəiflədə bilər. Soyuq və quru hava burun boşluğunun və boğazın müdafiə funksiyasını azaldır, nəticədə virusların orqanizmə daxil olması və çoxalması daha asan baş verir. Bundan əlavə, insanlar havalar soyuduqca daha çox qapalı məkanlarda vaxt keçirirlər ki, bu da infeksiyaların insandan insana ötürülmə riskini artırır.

Payız mövsümündə xüsusilə qrip və digər kəskin respirator virus infeksiyalarının yayılması sürətlənir. Bu xəstəliklər özünü burun axması, boğaz ağrısı, öskürək, halsızlıq və hərarət ilə göstərə bilər. İmmuniteti zəif olan şəxslərdə və ya xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda isə sadə görünən infeksiyalar daha ağır fəsadlara, o cümlədən bronxit və pnevmoniyaya səbəb ola bilər. Həmçinin bronxial astma, xroniki bronxit, ürək-damar xəstəlikləri və şəkərli diabet kimi problemləri olan şəxslərdə mövsüm dəyişiklikləri xəstəliyin kəskinləşməsi ilə nəticələnə bilər.

Payız aylarında sağlamlığın qorunması üçün immun sisteminin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Düzgün və balanslı qidalanma orqanizmin infeksiyalara qarşı müqavimətini artıran əsas amillərdən biridir. Mövsümi tərəvəz və meyvələrin qəbulu, kifayət qədər zülal qəbul edilməsi, su balansının qorunması və yuxu rejiminə əməl olunması immun sisteminin normal fəaliyyətinə kömək edir. Son illərdə aparılan tədqiqatlar göstərir ki, yuxu çatışmazlığı və davamlı stress immun hüceyrələrinin fəaliyyətini zəiflədərək infeksiyalara yoluxma riskini artırır.

Payız mövsümündə tez-tez qarşılaşılan səhvlərdən biri də havaya uyğun olmayan geyim seçimidir. Gün ərzində temperatur fərqlərinin çox olması səbəbindən insanların qat-qat geyinməsi daha məqsədəuyğun hesab olunur. Bu, orqanizmin həm həddindən artıq soyumasının, həm də tərlədikdən sonra qəfil soyumasının qarşısını alır. Xüsusilə uşaqlar, yaşlı şəxslər və xroniki xəstəlikləri olan insanlar bu məsələyə daha diqqətli yanaşmalıdırlar.

Tənəffüs yolu infeksiyalarından qorunmaq üçün sadə gigiyena qaydalarına əməl etmək də mühüm rol oynayır. Əllərin mütəmadi yuyulması, qapalı məkanların havalandırılması və xəstə insanlarla yaxın təmasın məhdudlaşdırılması infeksiya riskini əhəmiyyətli dərəcədə azalda bilər. Eyni zamanda mövsüm başlamazdan əvvəl profilaktik tibbi müayinələrdən keçmək və xroniki xəstəliklərin nəzarətdə saxlanılması da sağlamlığın qorunmasına kömək edir.

Payız mövsümü xəstəliklərdən qorxmaq üçün deyil, sağlamlığımıza daha çox diqqət yetirmək üçün bir fürsət kimi qiymətləndirilməlidir. Orqanizmin ehtiyaclarını nəzərə almaq, sağlam həyat tərzinə riayət etmək və profilaktik tədbirləri vaxtında görmək mövsümi xəstəliklərin qarşısını almaqda ən effektiv yanaşmadır. Unutmayaq ki, sağlamlığın qorunması xəstəliyin müalicəsindən daha asan və daha effektivdir”.