Azərbaycan-İran münasibətlərində konstruktiv atmosfer - ŞƏRH

1 Sentyabr 2026 11:41 (UTC+04:00)

“Azərbaycan ilə İran arasında münasibətlərin inkişafı və onun perspektivinin qiymətləndirilməsi üçün kifayət qədər baza mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə tədqiqatçı Aqşin Kərimov Azərbaycan və İran prezidentlərinin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, bu baza ikitərəfli əlaqələrdəki iqtisadi-ticari dinamika əsasında genişlənən prioritetləri əks etdirir.

Ekspert regional təhlükəsizlikdəki çağırışlar fonunda da Bakı-Tehran əlaqələrinə toxunub.

“Azərbaycan Respublikasının regional təhlükəsizlik məsələlərində tutduğu mövqe İranla Bakının münasibətlərinin daha da inkişaf etməsinə zəmin yaradır”,-deyə o bildirib.

A.Kərimov qeyd edib ki, ikitərəfli münasibətlərdən savayı, qlobal tədarük zəncirlərindən biri olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin parametrləri Bakı və Tehranı bir-birinə kifayət qədər yaxınlaşdırır. Ekspert burada iqtisadi-ticari münasibətlərlə bərabər siyasi əlaqələrin də ön plana çıxdığını deyib:

“Regional və qlobal logistika məsələlərində Azərbaycanın artan rolu fonunda İran bu qeyd olunan aspektləri nəzərə alır. Ona görə də Azərbaycan-İran münasibətlərinin dinamikasının əvvəlki illərdən fərqli olaraq daha konstruktiv şəkil almasını görürük. Azərbaycan-İran prezidentlərinin Bişkekdə keçirilən görüşündə dövlət başçıları səmimi atmosferdə müzakirə apardılar. Bu da onu göstərir ki, Bakı ilə Tehran arasındakı münasibətlərdə qarşıda duran çağırışlar sürətlə icra oluna bilər. Burada Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin parametrlərini də biz qeyd edə bilərik. Deməli, Azərbaycan Respublikasının İranla əlaqələri həm ikitərəfli məzmun, həm də çoxtərəfli əməkdaşlıq formatı kimi görməkdədir. Bu, Bakı və Tehranın əlaqələrində daha geniş bir vizyonun ortaya qoyulmasına şərait yaradır”.

Qeyd edək ki, vqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub.

Məsud Pezeşkian dövlətimizin başçısı ilə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırlayıb, İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğuladı, bütün bunlara görə bir daha minnətdarlığını bildirib.

Əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.

Məsud Pezeşkian ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq, İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu dedi.

Dövlətimizin başçısı da öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğuladı.

Prezident İlham Əliyev deyib ki, ölkəmiz İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.