“Azərbaycan–Belarus münasibətləri qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq səviyyəsindədir” - ŞƏRH

31 Avqust 2026 17:12 (UTC+04:00)

“Azərbaycan–Belarus münasibətləri hazırda yüksək siyasi dialoqa, qarşılıqlı etimada və praqmatik maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsindədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, Prezidentlər İlham Əliyevlə Aleksandr Lukaşenko arasındakı şəxsi etimad bu münasibətlərin əsas siyasi dayağı olsa da, avqustun 28-də keçirilən XİN-lərarası məsləhətləşmələr əlaqələrin artıq institusional mexanizmlərlə davam etdirildiyini göstərir:

“Səfər zamanı əldə olunmuş razılaşmaların icrası, ticarət, energetika, kənd təsərrüfatı və humanitar əməkdaşlıqla yanaşı, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət də müzakirə olunub. Bu, Bakı ilə Minskin yalnız ikitərəfli layihələrdə deyil, siyasi-diplomatik platformalarda da mövqelərini əlaqələndirməyə çalışdığını göstərir.

İqtisadi əməkdaşlıq da siyasi münasibətlərə uyğun olaraq yüksələn dinamika nümayiş etdirir: 2024-cü ildə ticarət dövriyyəsi 42 faiz artaraq 506 milyon dollara çatıb, 2026-cı ilin ilk dörd ayında isə daha 11 faizdən çox artımla 158 milyon dollar təşkil edib. Sənaye kooperasiyası, Belarus texnikasının Azərbaycanda yığılması, Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti və Ağdamda nəzərdə tutulan aqrar-sənaye kompleksi tərəfdaşlığın praktik məzmununu genişləndirir. Bununla belə, siyasi münasibətlərin səviyyəsi iqtisadi göstəricilərdən hələ də daha yüksəkdir və əsas vəzifə mövcud etimadı yeni investisiya, birgə istehsal və logistika layihələrinə çevirməkdir. Ümumilikdə, Azərbaycan–Belarus əlaqələrini ciddi siyasi problemi olmayan, sabit və uzunmüddətli maraqlara söykənən strateji tərəfdaşlıq kimi qiymətləndirmək mümkündür”.