Mətləb Salahov: "Venesuelanın neft ehtiyatlarının ABŞ-nin nəzarətinə verilməsini nəzərdə tutan 100 illik müqavilə açıq şəkildə iqtisadi istismar sənədidir"
"Əvvəla ondan başlayaq ki, ABŞ dövlət başçısı Donald Tramp artıq bütün beynəlxalq hüquq normalarını bir kənara atıb, digər bir suveren dövlətin təbii sərvətlərini nümayişkaranə şəkildə mənimsəmək presedenti yaratdı. Əslində, bu mənfi presedent Venesuela prezidenti Nikolas Maduro gecənin bir aləmi yatağından oğurlanıb, başına çuval keçirilib gecə ikən ABŞ-a gətiriləndə yaranmışdı. Bu, beynəlxalq hüquq üçün, dünya düzəni üçün olduqca təhlükəli bir adətin əsası kimi tarixdə qaldı.
Bu hadisənin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi dünya düzənindəki acınacaqlı vəziyyətin gerçək üzünü də ortaya qoydu. "Kim güclüdür, hər şeydə haqlıdır" kimi qorxulu presedent beynəlxalq münasibətlər sistemi üçün daha dərin normativ problem kimi üzə çıxdı. BMT Nizamnaməsinin əsas prinsiplərinə görə, dövlətlərin ərazi toxunulmazlığı, siyasi müstəqilliyi və gücdən istifadənin qadağan olunması beynəlxalq nizamın təməl sütunlarıdır. Əlbəttə, yalnız kağız üzərində!".
Bu fikirləri SİA-ya açıqlamasında araşdırmaçı jurnalist Mətləb Salahov bildirib. O qeyd edib ki, əlbəttə, Ağ Ev rəhbərinin davası N.Maduro ilə deyildi. Guya bu ölkədən narkotik qaçaqmalçılığının Amerika ölkəsi üçün yaratdığı təhlükəyə görə ABŞ rəhbərliyi Venesuelaya müdaxilə etdi. Əslində dünyada ağlı başında olan hər kəsə aydındır ki, D.Tramp Administrasiyası Venesuelanın zəngin neft qaynaqları və digər milli sərvətlərinə əl qoymaq üçün bu ölkədə əməliyyat keçirdi. İndi isə məlum olur ki, Vaşinqton administrasiyasının təzyiqi ilə Venesuela ilə neft ehtiyatlarının ABŞ-ın nəzarətinə verilməsini nəzərdə tutan müqavilənin imzalanması açıq şəkildə iqtisadi istismar sənədidir: "Bu, Trampın da açıqladığı kimi, dünya tarixində ən böyük neft müqaviləsidir. Diqqət edin: bu müqavilə yuxarıda qeyd etdiyimiz maraqların artıq hüquqi baxımdan sənədləşdirilməsi prosesidir.
Üstəlik, bu sövdələşmə Vaşinqtonun "North American Blue Energy Partners" özəl şirkətində birbaşa pay almasını nəzərdə tutur ki, bu şirkətə də ölkə ehtiyatlarının beşdə birini təşkil edən təxminən 65 milyard barel ehtiyata malik 17 Venesuela neft yatağı üzərində yüzillik hüquqlar veriləcək - 100 illik hüquq!
Hazırkı Ağ Ev rəhbərliyinin digər bir Cənubi Amerika dövlətinin təbii sərvətlərini bu şəkildə istismar etməsi, həm də yüz illərdir ABŞ-ın elan etdiyi demokratik dövlət ənənələrinin lazımsız kağız parçası kimi tarixin zibilliyinə atılması və əvəzində imperiyanın iqtisadi maraqları üçün digərlərinin sərvətlərinin qamarlanması deməkdir", - deyə M.Salahov bildirib.
Afət Tahirqızı