Süni intellekt əmək bazarını necə dəyişəcək və hansı ixtisaslara tələbatı artıracaq? -EKSPERT DANIŞDI

31 Avqust 2026 16:21 (UTC+04:00)

”İlk növbədə bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, sahibkarlar və işçi qüvvəsi süni intellektin inkişafının əmək bazarını tamamilə dəyişəcəyi və nəticədə insan əməyinin bütövlükdə əvəz olunacağı qənaətinə gəlməməlidirlər”. Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, süni intellektin inkişafı, şübhəsiz ki, müəyyən peşə və fəaliyyət sahələrində insan əməyinə olan tələbatı azalda, bəzi prosesləri avtomatlaşdıra və bir sıra iş funksiyalarını texnologiyanın üzərinə keçirə bilər:

”Lakin bu, insan əməyinin 100 faiz əvəz olunması demək deyil. Əksinə, süni intellekt bir çox hallarda insanın işini tamamlayan, onun məhsuldarlığını və qərarvermə imkanlarını artıran mühüm bir alətə çevrilir.

Burada əsas məsələ əmək bazarının yox olması deyil, onun strukturunun dəyişməsidir. Texnologiyanın inkişafı ilə bəzi peşələrə tələbat azalarkən, yeni ixtisaslar və yeni iş istiqamətləri meydana çıxır. Yəni gələcək əmək bazarında insanın texnologiya ilə rəqabət aparmasından daha çox, texnologiyadan səmərəli istifadə edə bilən əmək qüvvəsinə üstünlük veriləcək. Bu baxımdan işçilərin yeni bilik və bacarıqlar əldə etməsi, rəqəmsal savadlılığını artırması və əmək bazarının yeni tələblərinə uyğunlaşması xüsusi əhəmiyyət daşıyır.

Süni intellektin inkişafı, eyni zamanda, müəyyən sahələrin təkmilləşdirilməsi və iqtisadiyyatın daha məhsuldar fəaliyyət göstərməsi baxımından böyük əhəmiyyətə malikdir. Müəssisələr məlumatların daha sürətli təhlili, istehsal proseslərinin optimallaşdırılması, xərclərin azaldılması və müştəri tələbatının daha dəqiq müəyyənləşdirilməsi üçün süni intellekt texnologiyalarından istifadə edə bilərlər. Bu isə həm məhsuldarlığın yüksəlməsinə, həm də şirkətlərin daxili resurslardan daha səmərəli istifadəsinə imkan yaradır.

Süni intellektin əmək bazarında hansı ixtisaslara iqtisadi tələbatı artıracağına gəldikdə isə ilk növbədə süni intellekt, informasiya texnologiyaları, proqramlaşdırma, data analitikası, kibertəhlükəsizlik, maşın öyrənməsi və böyük verilənlərin idarə olunması kimi sahələri qeyd etmək olar. Bununla yanaşı, yalnız texniki ixtisaslara deyil, süni intellektdən müxtəlif sahələrdə istifadə edə bilən mütəxəssislərə də tələbat artacaq. Məsələn, maliyyə, marketinq, logistika, səhiyyə, təhsil və idarəetmə sahələrində çalışan şəxslər üçün süni intellekt alətlərindən istifadə bacarığı gələcəkdə mühüm üstünlüklərdən birinə çevrilə bilər.

Digər tərəfdən, süni intellektin inkişafı sahibkarlıq fəaliyyətinin genişlənməsi və investisiya mühitinin daha da inkişaf etdirilməsi baxımından da mühüm imkanlar yaradır. Rəqəmsallaşmış və avtomatlaşdırılmış sistemlər biznes proseslərində şəffaflığın artırılmasına, insan faktorundan qaynaqlanan bəzi risklərin və inzibati maneələrin azalmasına şərait yaradır. Bu isə sahibkar üçün daha proqnozlaşdırılan və əlverişli biznes mühitinin formalaşmasına kömək edə bilər.

Xüsusilə də insan müdaxiləsinin minimuma endirildiyi, proseslərin rəqəmsal platformalar üzərindən həyata keçirildiyi və qərarların daha sürətli qəbul olunduğu sistemlər sahibkarlıq subyektləri üçün mühüm əhəmiyyət daşıyır. Belə mühit həm yerli sahibkarların fəaliyyətinin genişlənməsinə, həm də xarici investorların ölkəyə marağının artmasına müsbət təsir göstərə bilər.

Bu baxımdan dövlətin rəqəmsal transformasiya və süni intellekt sahəsində həyata keçirdiyi tədbirlər də xüsusi əhəmiyyət daşıyır. İqtisadiyyatın rəqəmsallaşdırılması, biznes proseslərinin sadələşdirilməsi və sahibkarlar üçün daha şəffaf mühitin yaradılması istiqamətində qəbul edilən yeni qərarlar bu transformasiyanın institusional əsaslarını gücləndirir.

Süni intellekti yalnız insan əməyini əvəz edən texnologiya kimi qiymətləndirmək düzgün olmazdı. Əsas məsələ ondan ibarətdir ki, süni intellekt əmək bazarını yenidən formalaşdıracaq, yeni peşələr yaradacaq, mövcud ixtisasların məzmununu dəyişəcək və iqtisadiyyatın daha çevik fəaliyyət göstərməsinə imkan verəcək. Bu prosesə vaxtında uyğunlaşan sahibkarlar və işçilər isə yaranan yeni imkanlardan daha çox faydalana biləcəklər”.