"Azərbaycanın “orta güc” kimi yüksəlişi resursların sinxronlaşdırılmasına əsaslanır" - POLİTOLOQ

31 Avqust 2026 14:38 (UTC+04:00)

"Azərbaycanın “orta güc dövləti” statusuna yüksəlməsini yalnız ölkənin iqtisadi və hərbi potensialı ilə izah etmək düzgün olmaz. Burada əsas məsələ Azərbaycanın malik olduğu müxtəlif imkanları vahid strateji xətt üzrə birləşdirə bilməsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, enerji, nəqliyyat, diplomatiya və hərbi-siyasi güc ayrı-ayrılıqda müəyyən üstünlüklər yaradır: "Lakin onların bir-birini tamamlaması Azərbaycanın regional çəkisini əhəmiyyətli dərəcədə artırır.

Enerji amili bu prosesin ən fundamental dayaqlarından biridir. Azərbaycan uzun illər ərzində neft və qaz resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də xarici siyasətin və regional əməkdaşlığın mühüm elementinə çevirib. Xəzər hövzəsindən Türkiyə və Avropa istiqamətində formalaşdırılan enerji infrastrukturu Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində rolunu gücləndirib. Bu gün Azərbaycan enerji istehsal edən ölkədən daha çox enerji marşrutlarının formalaşmasına təsir edən aktor kimi çıxış edir. Enerji resurslarının müxtəlif istiqamətlərə çıxarılması Bakının geosiyasi manevr imkanlarını da genişləndirir.

İkinci mühüm faktor nəqliyyat və logistika imkanlarıdır. Azərbaycanın coğrafi mövqeyi tarixən mühüm olub, amma coğrafiyanın özü heç vaxt avtomatik olaraq siyasi güc yaratmır. Əsas məsələ bu mövqedən necə istifadə edilməsidir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal–Cənub və Orta Dəhliz layihələri Azərbaycanın tranzit imkanlarını yeni mərhələyə çıxarıb. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanı Çin, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında formalaşan yeni logistika sisteminin mühüm halqasına çevirir.

Burada Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkə sadəcə tranzit ərazi deyil, müxtəlif nəqliyyat marşrutlarının kəsişdiyi və bir-birinə bağlandığı mərkəzə çevrilmək istəyir. Bu isə geoiqtisadi əhəmiyyət deməkdir. Çünki böyük dövlətlər arasında rəqabətin artdığı bir dövrdə alternativ nəqliyyat marşrutlarına malik olmaq dövlətə əlavə siyasi və iqtisadi manevr imkanları verir.

Diplomatiya isə Azərbaycanın orta güc modelinin üçüncü və bəlkə də ən çevik komponentidir. Azərbaycan son illərdə xarici siyasətini bir geosiyasi mərkəzdən asılı vəziyyətə salmadan müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq qurmağa çalışıb. Türkiyə ilə strateji müttəfiqlik, Avropa ilə enerji və iqtisadi əlaqələr, Mərkəzi Asiya dövlətləri ilə intensivləşən münasibətlər, Çinlə artan əməkdaşlıq, Rusiya və İranla qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət manevr imkanlarını genişləndirir.

Bu yanaşmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan özünü yalnız bir regionun aktoru kimi təqdim etmir. Bakı eyni zamanda Cənubi Qafqaz, Xəzər hövzəsi, Türk dünyası, Avropa–Asiya nəqliyyat bağlantıları və enerji təhlükəsizliyi məsələlərində özünə ayrıca rol formalaşdırmağa çalışır. Bu isə orta güc dövlətləri üçün xarakterik olan çoxvektorlu diplomatik davranışın mühüm elementidir.

Hərbi-siyasi amil isə bütün bu imkanların təhlükəsizlik dayağıdır. Azərbaycan son onilliklərdə hərbi potensialını ciddi şəkildə gücləndirib. 2020-ci il müharibəsi və 2023-cü ildə Qarabağ üzərində suverenliyin tam bərpası Cənubi Qafqazda Azərbaycanın siyasi çəkisini əhəmiyyətli dərəcədə artırdı. Ərazi bütövlüyünün təmin olunması ilə Azərbaycan artıq regiondakı proseslərə əvvəlki kimi yalnız təsir etməyə çalışan deyil, regional təhlükəsizlik arxitekturasının formalaşmasında birbaşa marağı və imkanları olan aktora çevrildi.

Amma Azərbaycanın hərbi gücünü də mütləqləşdirmək lazım deyil. Orta güc statusu yalnız güclü ordu ilə formalaşmır. Hərbi potensial diplomatik imkanlarla, iqtisadi resurslarla və siyasi institutlarla tamamlananda dövlətin real çəkisinə çevrilir. Azərbaycanın nümunəsində əsas diqqət çəkən məqam məhz hərbi gücün digər güc elementləri ilə paralel şəkildə inkişaf etməsidir.

Məncə, Azərbaycanın “orta güc” kimi yüksəlişinin ən mühüm xüsusiyyəti onun qlobal supergüc olmağa çalışmaması, bunun əvəzinə müəyyən strateji sahələrdə çəkisini artırmasıdır. Azərbaycan enerji, nəqliyyat, regional təhlükəsizlik, Türk dünyası ilə əməkdaşlıq və diplomatik vasitəçilik kimi istiqamətlərdə özünəməxsus mövqe formalaşdırır. Yəni söhbət hər sahədə ən güclü olmaqdan yox, müəyyən sahələrdə başqalarının hesablamalarını dəyişdirə biləcək qədər əhəmiyyətli olmaqdan gedir.

Bu baxımdan Azərbaycanın orta güc statusuna yüksəlişini bir növ “resursların sinxronlaşdırılması” kimi qiymətləndirmək olar. Enerji iqtisadi güc yaradır, nəqliyyat coğrafi üstünlüyü strateji aktivə çevirir, diplomatiya bu imkanların siyasi nəticəyə çevrilməsinə şərait yaradır, hərbi-siyasi potensial isə bütün bunların arxasında təhlükəsizlik təminatı formalaşdırır.

Əsl məsələ isə bundan sonrakı mərhələdir. Azərbaycanın əldə etdiyi bu çəkini qoruyub saxlaması və onu uzunmüddətli strateji üstünlüyə çevirməsi üçün iqtisadi şaxələndirmə, insan kapitalı, texnologiya, institusional inkişaf və diplomatik peşəkarlıq xüsusi əhəmiyyət daşıyacaq. Çünki orta güc olmaq bir dəfə əldə edilən titul deyil. Bu, daim qorunmalı, yenilənməli və dəyişən beynəlxalq sistemə uyğunlaşdırılmalı olan geosiyasi mövqedir".