“Əməkhaqqı inflyasiyanı daha çox üstələməlidir” - İQTİSADÇI

31 Avqust 2026 12:31 (UTC+04:00)

"Hazırkı iqtisadi göstəricilər əhalinin gəlirlərinin və əməkhaqlarının artımı üçün müəyyən imkanların olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, rəsmi rəqəmlərdə 2026-cı ilin ilk yarısında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 7 faiz artaraq 1 174,4 manata çatıb: "Eyni dövrdə əhalinin nominal gəlirləri 9,8 faiz artıb.

Bu artımın müsbət tərəfi odur ki, gəlirlər və əməkhaqları inflyasiyanı müəyyən qədər üstələyir. Rəsmi məlumata görə, yanvar-iyun aylarında istehlak qiymətləri 5,7 faiz artıb. Yəni orta əməkhaqqındakı 7 faizlik artımdan inflyasiyanı çıxardıqda, real əməkhaqqında təxminən 1-1,5 faizlik artım qalır. Amma məsələ burasındadır ki, əhalinin gündəlik tələbat mallarının inflyasiyası orta inflyasiyadan xeyli çoxdur. Əhali gəlirlərinin böyük hissəsini yalnız gündəlik tələbat mallarına xərclədiyindən, onlar hiss edir ki, inflyasiya gəlirləri üstələyir, bu reallıqdır. Ona görə də fikrimizcə, gündəlik tələbat mallarının inflyasiyasını ayrıca ölçmək gərəkir. Sosial müdafiə siyasətini də məhz buna görə qurmaq lazımdır.

Əhalinin real gəlirlərinin daha sürətli artması üçün iqtisadi artımın sürətlənməsi vacibdir. Hazırda qeyri-neft-qaz sektorunda artım zəif olsa da, davam edir, xüsusilə informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, kənd təsərrüfatı və qeyri-neft-qaz sənayesində müsbət dinamika müşahidə olunur. Bu sahələrin genişlənməsi yeni iş yerlərinin yaranmasına və özəl sektorda əməkhaqlarının yüksəlməsinə şərait yarada bilər.

Digər tərəfdən, yüksək inflyasiya əməkhaqqı artımının əhali tərəfindən hiss olunmasını məhdudlaşdırır. Xüsusilə ərzaq qiymətlərinin ümumi inflyasiyadan daha sürətlə artması aztəminatlı ailələrin büdcəsinə daha ciddi təsir göstərir. Yanvar-iyul aylarında ərzaq məhsullarının qiyməti 6,8 faiz yüksəlib.

Buna görə qarşıdakı dövrdə əməkhaqlarının artım tempinin ən azı 7-8 faiz səviyyəsində qorunması, hətta daha yüksək artımın təmin edilməsi əhalinin real gəlirlərinin yaxşılaşması baxımından mühüm olacaq. Əgər inflyasiya 5-6 faiz ətrafında qalarsa, əməkhaqlarının 10-15 faiz artırılması real gəlirlərdə daha nəzərəçarpan artım yarada bilər.

Ümumilikdə, hazırkı göstəricilər əhalinin gəlirlərinin nominal olaraq artmağa davam edəcəyinə əsas verir. Lakin vətəndaşların rifahının əhəmiyyətli dərəcədə yüksəlməsi üçün əsas şərt əməkhaqqı artımının inflyasiyanı daha böyük fərqlə üstələməsi, xüsusilə də ərzaq qiymətlərinin nəzarətdə saxlanılmasıdır".