Prezident İlham Əliyevin ŞƏT sammitində iştirakı Azərbaycanın xarici siyasətində ardıcıl və məqsədyönlü kursun davamıdır. Bişkekdə Azərbaycan Prezidentinin qarşısında yalnız bir təşkilatın gündəliyində iştirak etmək deyil, eyni zamanda dünyanın mühüm siyasi və iqtisadi aktorları ilə təmasları genişləndirmək, Azərbaycanın regional layihələrini və maraqlarını beynəlxalq platformalarda təqdim etmək imkanı dayanır.
Bu sammit Azərbaycanın son illərdə Mərkəzi Asiyaya, Türk dünyasına və Avrasiya nəqliyyat məkanına artan diqqətinin fonunda keçirilir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən sonra Bişkek sammitində iştirakı da bu baxımdan diqqətçəkən ardıcıllıq yaradır. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin siyasi, iqtisadi və nəqliyyat istiqamətlərində genişləndirilməsi artıq xarici siyasətin mühüm prioritetlərindən birinə çevrilib.
Bişkekdə bir araya gələn dövlət rəhbərlərinin tərkibi isə sammitin miqyasını aydın göstərir. Çin, Rusiya, Hindistan, İran, Türkiyə, Azərbaycan və digər dövlətlərin liderlərinin eyni platformada iştirakı Avrasiya məkanının dünya siyasətində artan rolunu nümayiş etdirir.
Azərbaycanın bu masada yer alması isə ölkəmizin regional hadisələrin kənarında deyil, onların formalaşmasında iştirak edən fəal dövlətlərdən biri olduğunu göstərir.
Prezident İlham Əliyevin Bişkekdə keçirəcəyi görüşlər, səsləndirəcəyi fikirlər və sammit çərçivəsində aparılacaq müzakirələr Azərbaycanın gələcək regional siyasəti baxımından da mühüm mesajlar verə bilər.Bütün bunlar onu deməyə əsas verir ki, Bişkek sammiti Azərbaycanın beynəlxalq diplomatik gündəliyində növbəti mühüm səhifə olmaqla yanaşı, ölkəmizin Avrasiya məkanında siyasi, iqtisadi və nəqliyyat imkanlarının daha da genişləndirilməsi üçün yeni perspektivlər yaradan mühüm platformadır.
David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri