Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun Arktikada hərbi mövcudluğunu artırmasını Moskvanın təhlükəsizliyi üçün birbaşa təhdid kimi qiymətləndirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lavrov bu barədə Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi məqaləsində bildirib. Onun sözlərinə görə, NATO ölkələrinin Arktikanın şimal bölgələrində hərbi təlimləri və digər fəaliyyətləri mümkün silahlı qarşıdurma riskini artırır.
NATO fevral ayında Arktikada mövcudluğunu gücləndirmək məqsədilə “Arctic Sentry” missiyasına başlayıb. Alyansın bu addımı Rusiya ilə münasibətlərdə gərginliyin artdığı bir dövrə təsadüf edir. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın əldə olunması ilə bağlı mövqeyi də Arktikaya diqqətin artmasına səbəb olan amillərdən biri kimi göstərilir.
Moskva daha əvvəl də “Arctic Sentry” missiyasına etiraz edib. Lavrov NATO-nun regiondakı hərbi təlimlərini “aqressiv” fəaliyyət kimi xarakterizə edib və belə addımların Arktikada insidentlərin baş verməsi, nəticədə isə daha geniş hərbi qarşıdurmanın yaranması riskini artırdığını bildirib.
Rusiya Arktikada nüvə silahı daşıyan sualtı qayıqların daxil olduğu böyük hərbi-dəniz imkanlarına malikdir. Moskva regionu strateji maraq dairəsi hesab edir və Asiya ölkələri ilə əlaqələri genişləndirmək üçün Arktikadan keçən dəniz marşrutunu inkişaf etdirir.
Eyni zamanda, son illərdə Çinin də mineral ehtiyatlarla zəngin Arktikada fəallığı artıb. Pekin əsasən Moskva ilə əməkdaşlıq çərçivəsində regionda müxtəlif layihələr həyata keçirir.
Rusiyanın qonşusu və NATO üzvü olan Norveç də Arktikadakı hərbi imkanlarını genişləndirir. Ölkə avqust ayında qərargahı Arktikada yerləşən yeni hərbi briqadanın imkanlarını artırıb. Bu, NATO ölkələrinin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra şimal istiqamətində müdafiə potensialını gücləndirməsi fonunda atılan son addımlardan biri olub.
Moskva isə daha əvvəl Rusiyanın NATO üçün təhlükə yaratdığı barədə ittihamları rədd edib.