Google xəritə tətbiqində Ontario gölünün adını ABŞ-dakı istifadəçilər üçün “Amerika gölü” (Lake America) olaraq göstərməyə başlayıb. Bu dəyişiklik ABŞ Prezidenti Donald Trampın gölün adının dəyişdirilməsi ilə bağlı sərəncamından sonra həyata keçirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ontario gölü Kanadanın Ontario əyaləti ilə ABŞ-ın Nyu-York ştatı arasında yerləşir. Gölün şimal, qərb və cənub-qərb sahilləri Ontario əyalətinə, cənub və şərq sahilləri isə Nyu-York ştatına düşür.
Google bildirib ki, ABŞ hökumətinin Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) gölün adını rəsmi şəkildə dəyişdirdikdən sonra şirkət də bu adı xəritələrdə yeniləyib.
Şirkətin açıqlamasına görə, ABŞ-da Google Maps istifadəçiləri “Lake America”, Kanadadakı istifadəçilər isə “Lake Ontario” adını görəcəklər. ABŞ və Kanadadan kənarda olan istifadəçilər üçün isə hər iki ad göstəriləcək. Google bunun müxtəlif ölkələrdə fərqli adlandırılan su hövzələri ilə bağlı uzunmüddətli siyasətinə uyğun olduğunu bildirib.
-Tramp: “İndi bizə bir okean çatır”
Donald Tramp daha əvvəl, 2025-ci ildə Meksika körfəzinin adının “Amerika körfəzi” kimi dəyişdirilməsini təklif etmişdi. Google hazırda bu su hövzəsini “Gulf of Mexico (Gulf of America)” adı ilə göstərir.
Tramp Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı sərəncamı cümə axşamı imzalayıb. Daha sonra o, digər su hövzələrinin adlarının da dəyişdirilə biləcəyinə eyham vurub. Tramp bildirib ki, artıq bir körfəz və bir gölün adı dəyişdirilib və “indi bizə bir okean çatır”. O, Atlantik və ya Sakit okeanın adlarının da dəyişdirilə biləcəyini deyib.
-Kanada qərara sərt reaksiya verib
Ontario gölünün adının dəyişdirilməsi Kanadada istehza və narazılıqla qarşılanıb.
Kanadanın Baş naziri Mark Karni bildirib ki, “Ontario” adı 400 ildən çox tarixə malikdir və həm Kanada Konfederasiyasının yaradılmasından, həm də ABŞ-ın Müstəqillik Bəyannaməsindən daha qədimdir.
Karni qeyd edib ki, “Ontario” adı yerli Vendat xalqının dilindəki “Ontari'io” sözündən gəlir və təxminən “göl gözəldir, göl böyükdür” mənasını verir.
Bu qərar ABŞ və Kanada arasında ticarət münasibətlərinin yenidən gərginləşdiyi bir dövrə təsadüf edir. Tramp administrasiyası bu ay Kanadadan idxal olunan məhsullara 20 milyard dollar həcmində malları əhatə edən 50 faizlik tarif tətbiq edib. Kanada isə ABŞ məhsullarına eyni məbləğdə qarşılıqlı rüsumlarla cavab verib.