Şimali Kiprin sahilləri yaxınlığında göyərtəsində 270 nəfərin olduğu bərə qəzaya uğrayaraq batıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının administrasiyası məlumat yayıb.
Administrasiya "ölənlərin olduğunu" bildirib.
Təxminən 160 sərnişinin təxliyə edilərək sahilə çıxarıldığı bildirilib.
Bərənin göyərtəsində olan sərnişinlərin ümumi sayı rəsmi olaraq məlum deyil, lakin yerli KİV-lər 270 nəfər rəqəmini qeyd edir.
"Girne sahillərində çevrilən bərə suya batır, xilasetmə əməliyyatları davam edir", — İctimai işlər və nəqliyyat naziri Erhan Arıklı bildirib.
Türkiyə televiziya kanallarının yayımladığı görüntülərdə dalğalı dənizdə çalxalanan və qismən suya qərq olan gəmi, həmçinin davam edən təxliyə əməliyyatları və suyun səthində çoxsaylı üzən qalıqlar görünür. Təxliyə edilən sərnişinlərin hamısı narıncı xilasedici jiletlər geyinib.
Girne şəhər merinin sözlərinə görə, qəza keçirən gəminin göyərtəsində olan 99 nəfərin taleyi hələlik məlum deyil.