Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb

29 Avqust 2026 17:27 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 179,28 milyon manat sığorta haqqı toplanılıb.

SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 27,464 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 11,9 % çoxdur.

7 ayda əmlak sığortası üzrə toplanmış hər 100manat sığorta haqqının 15,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 17 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.