“Böyük Qayıdış” layihəsi çərçivəsində artıq genişmiqyaslı və strateji əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili, tibb elmləri doktoru Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, xüsusilə infrastrukturun bərpası istiqamətində aparılan tədbirlər - yolların, enerji, su və rabitə şəbəkələrinin bərpası, yeni yaşayış məntəqələrinin salınması və dayanıqlı məşğulluq imkanlarının yaradılması -layihənin kompleks və uzunmüddətli xarakter daşıdığını göstərir:
”Bu proses təbii olaraq böyük maliyyə resursları və institusional koordinasiya tələb edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən bölgənin “yaşıl enerji zonası” kimi formalaşdırılması strateji hədəf kimi müəyyən edilmişdir. Bu yanaşma təkcə Qarabağ və Şərqi Zəngəzurun bərpasını deyil, həm də ölkənin ümumi enerji strategiyasının ekoloji dayanıqlılıq prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Layihə çərçivəsində günəş, külək və su enerjisi kimi bərpa olunan enerji mənbələrinin prioritet olaraq seçilməsi həm ətraf mühitin qorunmasına, həm də Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyinə töhfə verir.
Bütün bu çətinliklərə baxmayaraq, “Böyük Qayıdış” layihəsi ardıcıl və sistemli şəkildə davam etdirilir. Layihə yalnız fiziki infrastrukturun bərpasını deyil, həm də Azərbaycanın tarixi-mədəni irsinin qorunmasını və canlandırılmasını hədəfləyir. Qarabağın gələcəkdə təkcə Azərbaycanın deyil, həmçinin İslam və Türk dünyasının mühüm mədəni, sosial və iqtisadi mərkəzlərindən birinə çevriləcəyi perspektivi olduqca realdır”.