“Uşağın böyüdüyü mühit onun gələcək dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Ona görə də hər yeni məktəbin, bağçanın, uşaqlar üçün yaradılan hər bir müasir və təhlükəsiz məkanın açılması, əslində, gələcəyə hesablanmış addımdır”. Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə birlikdə Bakının Nəsimi rayonundakı 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirakı da bu baxımdan diqqətəlayiq hadisədir:
“Burada mənim üçün ən önəmli məqamlardan biri eşitmə qabiliyyəti məhdud uşaqlar üçün də xüsusi şəraitin yaradılmasıdır. Çünki hər bir uşaq qayğı, diqqət və keyfiyyətli təhsil almaq hüququna malikdir. Uşaqlar arasında fərq qoymadan onların birlikdə böyüməsi, ünsiyyət qurması və sosiallaşması üçün imkanların yaradılması inklüziv və sağlam cəmiyyətin təməlini məhz kiçik yaşlardan formalaşdırmaq deməkdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ötən illər ərzində gördüyü işlərə nəzər saldıqda bu qayğının ayrı-ayrı layihələrlə məhdudlaşmadığını görürük. Yeni məktəb və uşaq bağçalarının tikilməsi və yenilənməsi, səhiyyə müəssisələrinin müasir avadanlıqla təmin olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların dəstəklənməsi, mədəni irsimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması Fondun fəaliyyətinin əsas istiqamətləri sırasındadır. Mehriban xanımın bu təşəbbüslərə münasibətində isə hər zaman bir məqam xüsusilə hiss olunur: görülən böyük işlərin arxasında konkret insanın ehtiyacını və taleyini görmək. Düşünürəm ki, Heydər Əliyev Fondunun cəmiyyətdə qazandığı böyük etimadın əsas səbəblərindən biri də məhz budur.
Fondun fəaliyyətində uşaqlarla bağlı layihələrin xüsusi yer tutması da təsadüfi deyil. İllər ərzində ölkənin müxtəlif bölgələrində məktəblərin, uşaq bağçalarının, internat və digər təhsil müəssisələrinin yenilənməsi, uşaqların sağlamlığı və təhsili ilə bağlı çoxsaylı təşəbbüslərin həyata keçirilməsi bu istiqamətdə ardıcıl fəaliyyətin göstəricisidir. Burada diqqəti çəkən əsas cəhət yalnız yeni binaların tikilməsi və ya mövcud olanların yenilənməsi deyil. Əsas məsələ həmin məkanlarda uşağın ehtiyaclarının ön plana çəkilməsi, onun özünü rahat, təhlükəsiz və dəyərli hiss edə biləcəyi mühitin yaradılmasıdır.
352 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait də bu yanaşmanın davamıdır. Xüsusilə fərqli ehtiyacları olan uşaqların diqqətdən kənarda qalmaması çox vacibdir. İnklüzivlik yalnız bir anlayış və ya prinsip deyil. O, gündəlik həyatda hər bir uşağa bərabər imkan yaratmaqdan başlayır.
Ən gözəl nəticə isə həmin məkanlarda uşaqların özlərini rahat və xoşbəxt hiss etmələridir. Çünki uşağın üzündəki sevinc bəzən görülən böyük işlərin ən sadə və ən doğru qiymətidir.
Bu gün uşaqlar üçün yaratdılan şərait sabah necə bir cəmiyyətdə yaşayacağımızı müəyyən edir. Onlara göstərilən qayğı isə gələcəyə qoyulan ən etibarlı sərmayələrdən biridir”.