“Uzunmüddətli tətildən sonra işə qayıtmaq bir çox insan üçün yalnız gündəlik rejimin dəyişməsi deyil, həm də psixoloji adaptasiya prosesidir”.
Bu sözləri SİA -ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, istirahət müddətində formalaşan sərbəst həyat ritmindən yenidən iş rejiminə keçid bəzi insanlarda həvəssizlik, yorğunluq, diqqət dağınıqlığı, yuxu rejiminin pozulması və işə başlamaq istəməməsi kimi hallar yarada bilər:
”Gündəlik dildə bu vəziyyət bəzən “tətildən sonrakı sindrom” adlandırılır.
Bu halın əsas səbəblərindən biri beynin və orqanizmin istirahət rejimindən iş rejiminə keçidə ehtiyac duymasıdır. Tətil zamanı insan daha gec yatmağa, səhərlər daha gec oyanmağa, gün ərzində fəaliyyətini sərbəst şəkildə planlaşdırmağa və gecə saatlarında film izləmək, gəzmək və digər istirahət fəaliyyətlərinə daha çox vaxt ayırmağa meylli olur. İşə qayıdışla birlikdə isə bu ritm qısa müddətdə dəyişir: səhər erkən oyanmaq, müəyyən saatlarda işə başlamaq və gün ərzində daha yüksək diqqət tələb edən fəaliyyətlərə qayıtmaq zərurəti yaranır.
Bu səbəbdən işə qayıtmazdan əvvəlki son günlərin necə planlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislərin tövsiyələrindən biri tətilin son həftəsində gündəlik rejimi tədricən iş rejiminə yaxınlaşdırmaqdır. Yuxu və oyanma saatlarının mərhələli şəkildə dəyişdirilməsi, gec saatlara qədər oyaq qalmamaq və işə başlamazdan əvvəl fiziki və psixoloji baxımdan hazırlıq görmək adaptasiya prosesini asanlaşdıra bilər.
İnsanların bu keçidə reaksiyası isə eyni olmur. Burada fərdi psixoloji xüsusiyyətlər və temperament də müəyyən rol oynaya bilər. Məsələn, daha aktiv və spontan davranış xüsusiyyətləri nümayiş etdirən insanlar tətilin son gününədək istirahəti davam etdirməyə üstünlük verə, iş rejiminə keçidi isə daha sonrakı mərhələyə saxlaya bilərlər. Daha planlı və ehtiyatlı insanlar isə işə qayıdışı əvvəlcədən düşünərək özlərini psixoloji baxımdan hazırlamağa meylli ola bilərlər.
Digər mühüm məqam mövsümi dəyişikliklərdir. Xüsusilə yay tətilindən sonra işə qayıdış payızın başlanğıcına təsadüf etdikdə bəzi insanlarda əhval-ruhiyyənin aşağı düşməsi, enerjisizlik və motivasiya çatışmazlığı daha qabarıq hiss oluna bilər. Lakin tətildən sonra yaranan qısamüddətli həvəssizliklə daha ciddi və uzunmüddətli psixoloji problemləri eyniləşdirmək düzgün deyil. Əlamətlər uzun müddət davam etdikdə və insanın gündəlik fəaliyyətinə ciddi təsir göstərdikdə mütəxəssisə müraciət etmək məqsədəuyğundur.
İşə qayıdışın ilk günlərində isə ən böyük səhvlərdən biri bütün işləri eyni anda görməyə çalışmaqdır. Daha səmərəli yanaşma prioritetləri müəyyənləşdirmək, əsas və təxirəsalınmaz tapşırıqlardan başlamaq və iş tempini tədricən artırmaqdır. Beləliklə, insan bir neçə gün ərzində yenidən iş ritminə uyğunlaşa və psixoloji adaptasiya prosesini daha rahat keçirə bilər.
Bu prosesdə işəgötürənlərin yanaşması da əhəmiyyətlidir. Tətildən qayıdan əməkdaşdan ilk gündən maksimum məhsuldarlıq gözləmək əvəzinə, onun iş rejiminə mərhələli şəkildə qayıtmasına şərait yaratmaq daha məqsədəuyğun ola bilər. İş mühitində motivasiyanın artırılması, əməkdaşın fikirlərinin dinlənilməsi və fərdi psixoloji xüsusiyyətlərin nəzərə alınması işə adaptasiyanı asanlaşdıra bilər.
Tətildən sonra işə qayıdış insanın həm gündəlik rejiminə, həm də psixoloji vəziyyətinə təsir edən keçid mərhələsidir. Bu mərhələyə əvvəlcədən hazırlaşmaq, yuxu rejimini tədricən qaydaya salmaq, ilk günlərdə iş yükünü düzgün bölüşdürmək və özünə adaptasiya üçün vaxt vermək həmin prosesi daha rahat və məhsuldar etməyə imkan verir”.