“Bosniya qəssabı” Ratko Mladiç ölüb

27 Avqust 2026 16:45 (UTC+04:00)

Bosniya və Herseqovina serblərinin keçmiş komandanı, “Bosniya qəssabı” Ratko Mladiç ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Reuters" xəbər verir.

Mladiç Haaqada BMT-yə məxsus cəzaçəkmə müəssisəsində 85 yaşında ölüb.

Qeyd edək ki, 16 il gizlənən Ratko Mladiçin yeri 2011-ci ildə aşkarlanıb. O, Haaqaya ekstradisiya edilib və 2017-ci ildə soyqırımı, müharibə cinayəti və bəşəriyyətə qarşı cinayətdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Ratko Mladiç 1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Bosniya serblərinin ordusuna rəhbərlik edib. 1995-ci il iyulun 11-də serb qüvvələrinin Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsaya daxil olmasından sonra şəhərdə və ətraf ərazilərdə bosniyalı müsəlmanlara qarşı kütləvi qətllər törədilib. Bir neçə gün ərzində 8 372 bosniyalı mülki şəxs öldürülüb, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb.

2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi tanıyıb.