Tozsoran şirkəti Bugatti-ni məğlub edə bilmədi...

27 Avqust 2026 21:48 (UTC+04:00)

...Çin texnologiya şirkəti Dreame Technology, satışa çıxarılmasından cəmi bir il sonra avtomobil biznesindən imtina etmək qərarına gəldi.

SİA xəbər verir ki, Autoblog-a görə, şirkət elektrik hiperkarı yaratmaq əvəzinə, artıq kommersiya baxımından sərfəli olduğunu sübut etmiş məhsullara - robot tozsoranlara, qazon biçənlərə, iki təkərli elektrikli nəqliyyat vasitələrinə və robot texnikasına diqqət yetirəcək.

Avtomobil layihəsi 2025-ci ilin avqust ayında başladı və yüksək vədləri ilə dərhal diqqəti cəlb etdi.

Şirkət iddia edirdi ki, elektrik hiperkarı 0,9 saniyədə 100 km/saat sürətə çata biləcək.

Həmçinin, 450 Vt/saat enerji sıxlığına və təxminən 550 km məsafəyə malik bərk vəziyyətdə olan batareya vəd edilmişdi. Lakin, cəmi bir il sonra Dreame avtomobil sənayesindən tamamilə çıxmaq qərarına gəldi.

Şirkət tərəfindən əvvəlcə nəqliyyat vasitələri üzərində işləmək üçün işə götürülən təxminən 1000 işçi tədricən layihəni tərk etdi.

Sonda onun bağlanması əsasən maliyyə, hüquq və insan resursları mütəxəssisləri tərəfindən həyata keçirildi.

…İndi əsas biznesimizə qayıdacağıq və bu biznes gəlirli olaraq qalır, - deyə Dreame şirkətinin baş direktoru Yu Hao bildirib.

Keçmiş işçilərin sözlərinə görə, avtomobil layihəsi əsasən marketinq və investisiya məqsədləri üçün istifadə olunub. Onlar iddia edirlər ki, CES 2026-da təqdim olunan avtomobil tam şassisiz nümayiş modelidir.

Nazlı Almuradova