Ali məktəbə qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər illərlə çəkdikləri zəhmətin qarşılığını əldə ediblər. 525 və 624,2 bal toplayan İlkin Əliyev və Nərmin Qarazadə uğura aparan yoldan və hazırlıq prosesindən SİA-ya danışıblar.

Nərmin Qarazadə III ixtisas qrupu üzrə 624,2 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq ixtisasına dövlət sifarişi əsasında qəbul olub:
“Nəticəni mənə bacım xəbər verdi. Mən də ilk olaraq valideynlərimə nəticəmi dedim. Onların sevincini görmək mənim üçün ən gözəl anlardandan biri idi.
Təbii ki, çətinlik yaşadığım və ruhdan düşdüyüm vaxtlar olub. Belə anlarda qarşıma qoyduğum məqsədi və arzumu xatırlayırdım. Bu, mənə yenidən güc verirdi. Eyni zamanda ailə üzvlərim də hər zaman mənə dəstək olur və ruhlandırırdılar.
Fikrimcə, yüksək nəticənin əsas səbəbi çox oxumaq və məqsədyönlü çalışmaqdır. Hazırlıq müddətində əlavə əyləncələrə daha az vaxt ayırmağımın da nəticəyə təsiri oldu. Əsas məsələ qarşıya məqsəd qoymaq və ona uyğun hərəkət etməkdir.
Ən böyük qorxum diqqətsizlikdən səhv etmək və bildiyim hansısa məlumatı imtahan zamanı ani olaraq unutmaq idi. Uzun müddət hazırlaşdığın üçün təbii olaraq belə narahatlıqlar yaranır. Amma imtahan zamanı sakitliyimi qorumağa çalışdım və bildiklərimə güvəndim.
Ona iradəli olmağı və nə olursa-olsun, çox çalışmağı tövsiyə edərdim. Hazırlıq prosesində çətin günlərin olması normaldır. Belə vaxtlarda insan özünü ruhlandırmağı bacarmalıdır. Qarşısına qoyduğu məqsədi daim xatırlamalı və yolundan dönməməlidir. Ən əsası isə özünə inanmaqdır”.

Rüstəmova Aydan Nurlan qızı Qəbələ rayonunun Şamlı kəndində yaşayır. Orta təhsilini Hacallı kəndində başa vuran Aydan qəbul imtahanında 520 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub:
“Nəticəni görəndə ilk olaraq atama zəng etdim. Balımı deyib sevincimi onunla bölüşdüm. Çünki bu uğurda onun da böyük dəstəyi olub.
Xüsusilə ikinci blok imtahanından sonra artıq oxumaq istəmirdim. Yorulmuşdum və davam etmək çətin gəlirdi. Amma balımı bir qədər də yüksəltmək üçün yenidən çalışmağa başladım. Özümü toparlayıb məqsədimə fokuslandım.
Məncə, yüksək bal toplamağın əsas sirri çox oxumaqdır. Bununla yanaşı, bir qədər də şansın rolu olduğunu düşünürəm. İmtahanda hazır olmaq qədər həmin gün özünü düzgün hiss etmək və suallarla qarşılaşmaq da önəmlidir.
Ən böyük qorxum imtahan zamanı həyəcanlanmaq idi. Çünki çox hazırlaşsan belə, həyəcan bəzən bildiklərini göstərməyə mane ola bilər. İndi geriyə baxanda düşünürəm ki, həyəcanı idarə etməyə çalışmaq və özünə inanmaq çox vacibdir.
Məncə, əsas məsələ yalnız dərs oxumaq və hər şeydən uzaqlaşmaq deyil. İnsan özünə də vaxt ayırmalıdır. Yetərincə çalışdıqda, məqsədinə inandıqda və özünə güvəndikdə istədiklərinə nail olmaq mümkündür. Əsas odur ki, ruhdan düşməyəsən və sona qədər davam edəsən”.

Əliyev İlkin I ixtisas qrupu üzrə 525 bal toplayaraq Bakı Mühəndislik Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub:
“Nəticəni görəndə ilk olaraq ailəmlə sevincimi bölüşdüm. Bu nəticə həm mənim, həm də uzun müddət mənə dəstək olan ailəmin zəhmətinin nəticəsi idi. Həmin an çox həyəcanlı və sevincli idim.
Əlbəttə, hazırlıq dövründə yorulduğum və ruhdan düşdüyüm vaxtlar oldu. Belə anlarda məqsədimi və gələcəkdə olmaq istədiyim yeri düşünürdüm. Özümə “bu qədər çalışmışamsa, sona qədər davam etməliyəm” deyərək yenidən motivasiya olurdum.
Məncə, əsas amil davamlı və düzgün çalışmaqdır. Mövzuları vaxtında öyrənmək və mütəmadi test işləmək nəticəyə ciddi təsir edir. Təbii ki, imtahan günü sakit olmaq və diqqətli davranmaq da vacibdir.
Ən böyük qorxum imtahan zamanı həyəcanlanmaq və bildiyim suallarda diqqətsizlikdən səhv etmək idi. Çünki uzun müddət hazırlaşdığın imtahanda kiçik bir diqqətsizlik belə nəticəyə təsir göstərə bilər. Amma çalışdım ki, imtahan zamanı sakit olum və yalnız suallara fokuslanım.
Ona ilk növbədə məqsədindən vaz keçməməyi deyərdim. Nə qədər çətin olsa da, iradəli olmaq və çalışmağa davam etmək lazımdır. Bəzən insan yorula və nəticə əldə edə bilməyəcəyini düşünə bilər. Amma əsas məsələ həmin anlarda özünə inanmaqdır. Düşünürəm ki, əziyyətin qarşılığını mütləq alırsan. Sadəcə səbirli olmaq və sona qədər mübarizə aparmaq lazımdır”.
Ayşən Vəli