Strateji tərəfdaşlıqdan daha yüksək... - ŞƏRH

27 Avqust 2026 11:37 (UTC+04:00)

“Dünyada mürəkkəb qlobal proseslərin davam etdiyi bir şəraitdə Azərbaycan-Özbəkistan əlaqələri müsbət və nadir nümunələrdən biri kimi diqqət çəkir. Iki ölkə arasında geniş əhatə dairəsinə malik olan münasibətlər yüksək dinamika ilə inkişaf edir və müxtəlif platformalarda uzlaşdırılmış fəaliyyətlər hər iki tərəfə böyük fayda gətirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, həm də bunu cəmiyyətlər istəyir: “Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən görüşlər və səsləndirilən bəyanatlar Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan daha yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının mətbuata bəyanatında vurğuladığı fikirlər iki ölkə arasındakı münasibətlərin yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmadığını, iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlığa çevrildiyini göstərir. Prezident İlham Əliyevin Daşkənd və ümumilikdə Özbəkistanın sürətli inkişafını yüksək qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı qeyd edib ki, Özbəkistan Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə mühüm inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, sənayenin və kənd təsərrüfatının şaxələndirilməsi, energetika və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, investisiyaların cəlb olunması Özbəkistanın yeni simasının formalaşmasına səbəb olub. Bu inkişaf Azərbaycan tərəfindən dost və qardaş ölkənin uğuru kimi yüksək qiymətləndirilir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin fikirlərində diqqət çəkən əsas məqamlardan biri də iki ölkənin inkişaf proseslərinin paralelliyidir. Azərbaycan və Özbəkistan son illərdə iqtisadiyyatlarını şaxələndirən, yeni istehsal və nəqliyyat imkanları yaradan, investisiya mühitini gücləndirən və beynəlxalq mövqelərini möhkəmləndirən dövlətlər kimi çıxış edirlər. Məhz bu paralel inkişaf Azərbaycan–Özbəkistan əməkdaşlığının daha geniş regional əhəmiyyət qazanmasına imkan verir. Avqustun 23-də Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi də münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir. İclas zamanı iki ölkə arasında qarşılıqlı ticarətin artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, investisiya layihələrinin sürətləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və humanitar əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı konkret istiqamətlər müəyyənləşdirilib. Son beş ildə qarşılıqlı ticarətin həcmi üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Tərəflər qarşıdakı dövr üçün 1 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağı yaxın hədəf kimi müəyyənləşdiriblər.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışında xüsusi yer tutan məsələlərdən biri Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşmasıdır. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qoşulması bu baxımdan mühüm tarixi hadisədir. Prezident İlham Əliyev bu məsələdə Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayıb. Beləliklə, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yeni mərhələyə daxil olub. Azərbaycan və Özbəkistanın bu prosesdə fəal əməkdaşlığı isə regionun iqtisadi və nəqliyyat potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.

"İqtisadi əməkdaşlığın çoxşaxəliliyi Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biridir. Bu gün iki ölkə enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal sənayesi və bankçılıq kimi çoxsaylı istiqamətlərdə birgə layihələr həyata keçirir. Özbəkistanın avtomobil sənayesində qazandığı təcrübənin Azərbaycana gətirilməsi, Hacıqabulda yeni avtomobil istehsalı layihələrinin həyata keçirilməsi bunun konkret nümunələrindəndir. Eyni zamanda, neft-qaz sahəsində əməkdaşlıq üzrə layihələrin də mühüm mərhələyə çatdırılması iki ölkənin iqtisadi əlaqələrinin strateji xarakterini göstərir" - deyən deputat əlavə edib ki, Azərbaycan–Özbəkistan əməkdaşlığının ən parlaq nümunələrindən biri Qarabağın bərpası prosesində Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyidir. Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasına praktiki yardım göstərən ilk ölkələrdən biri olub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinin yaradılması bu dəstəyin real ifadəsidir. Füzulidə təxminən 960 şagird yerlik məktəbin inşası və Xankəndidə 200-dən çox iş yerinin yaradılması yalnız iqtisadi və sosial layihələr deyil, həm də Azərbaycan–Özbəkistan qardaşlığının rəmzləridir.

O, deyib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq da iki ölkənin regional imkanlarını daha da genişləndirir. Azərbaycanın əlverişli coğrafi mövqeyi Özbəkistanın dünya bazarlarına çıxışında mühüm əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması və Özbəkistan üçün bərə layihəsinin həyata keçirilməsi bu baxımdan mühüm perspektivlər yaradır. Bu əməkdaşlıq gələcəkdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin daha da güclənməsinə xidmət edə bilər. Bu baxımdan Zəngəzur dəhlizinin reallaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev səfər zamanı Azərbaycan ərazisində layihə üzrə işlərin fəal şəkildə davam etdiyini, Naxçıvanda da müvafiq işlərə başlanıldığını bildirib. Bu layihənin həyata keçirilməsi Azərbaycanı Mərkəzi Asiya ilə daha sıx nəqliyyat və logistika əlaqələri ilə birləşdirəcək, Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq.

"Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan münasibətlərində əldə olunan nəticələr təsadüfi deyil. Bu münasibətlər ardıcıl siyasi iradəyə, qarşılıqlı etimada, ortaq tarixi və mənəvi dəyərlərə, eləcə də konkret iqtisadi maraqlara əsaslanır. Azərbaycanın və Özbəkistanın inkişaf yolunda əldə etdiyi uğurlar qarşılıqlı əməkdaşlıq imkanlarını daha da artırır. Dövlətimizin başçısının bəyanatı Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini aydın şəkildə ifadə edir: bu əlaqələr möhkəm mənəvi təmələ, qarşılıqlı etimada və konkret fəaliyyət proqramına əsaslanır. Səfərin nəticələri isə Azərbaycan və Özbəkistanın birgə səylərlə yeni imkanlar yaratmaq, xalqların rifahını yüksəltmək və regionun inkişafına töhfə vermək əzmində olduğunu bir daha təsdiqləyir".