"Özbəkistan öz bölgəsində kifayət qədər iri iqtisadiyyata malik, sənayesi inkişaf etmiş və dayanıqlı iqtisadi inkişaf dinamikası nümayiş etdirən ölkədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli bildirib.

Onun sözlərinə görə, Azərbaycanla əlaqələrinin də kifayət qədər müsbət olduğunu görürük: "Ənənəvi olaraq biz nəyi müşahidə edirdik? Ölkə başçıları görüşür, müəyyən güzəştlər və tövsiyələr verirdilər. Lakin çox vaxt investisiyaların həyata keçirilməsi ilə bağlı işlək mexanizm yox idi. Yəni əsasən “bəli, güzəştlər yaxşıdır”, “münasibətlər müsbətdir” kimi fikirlər səsləndirilirdi, amma konkret işlək mexanizm formalaşmırdı.
Bu dəfəki görüşdə isə gördük ki, konkret olaraq, məsələn, Azərbaycanın avtomobil sənayesinin inkişafı üzrə planlar var, hədəflər müəyyən olunur, investisiya məbləğləri açıqlanır. Digər sahələrə nəzər salsaq, mədən sənayesində də əməkdaşlığın genişləndirildiyini görürük. Azərbaycanın bir çox neft kontraktlarında və qaz hasilatı layihələrində özbək şirkətləri iştirak edəcək, Özbəkistan investisiyaları cəlb olunacaq. Azərbaycan da öz növbəsində Özbəkistanda qızıl və digər faydalı qazıntıların hasilatında iştirak edəcək. Bu da müsbət haldır. Beləliklə, hər iki ölkə qarşılıqlı əməkdaşlıqdan faydalanacaq.
Biz çox vaxt Avropa ölkələrinin investisiya yatırdığını görürdük. Lakin müəyyən dövrlərdə bundan bir alət kimi istifadə edərək investisiyaları geri çəkməklə və ya satmaqla bizi hədələyirdilər. Qarşılıqlı olaraq bir-birinə yaxın olan ölkələr investisiya yatırdıqda isə həm gəlir əldə edirik, həm də bu cür təzyiqlərin qarşısını almış oluruq.
Hesab edirəm ki, qarşılıqlı investisiyaların həyata keçirilməsi, xüsusilə avtomobil sənayesində olduğu kimi, birgə sənaye korporasiyalarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Dünyada da belədir: ölkələr birgə sənaye müəssisələri və istehsal kompleksləri yaradırlar. Bizim də Özbəkistanla birgə sənaye kompleksi yaratmağımız mümkündür. Azərbaycanın müəyyən sahələrdə təcrübəsi var və biz bu təcrübəni Özbəkistanla bölüşə bilərik. Eyni zamanda, Özbəkistanın hansı sahələrdə təcrübəsi varsa, onlar da öz təcrübələrini bizimlə bölüşərək qarşılıqlı əməkdaşlıq əsasında rəqabətqabiliyyətli məhsullar istehsal edə bilərlər".