“Azərbaycan–Özbəkistan münasibətləri çoxşaxəli tərəfdaşlığa çevrilib” - ŞƏRH

26 Avqust 2026 16:26 (UTC+04:00)

“Azərbaycan–Özbəkistan münasibətləri son illərdə diplomatik yaxınlıq çərçivəsindən çıxaraq strateji xarakter daşıyan çoxşaxəli tərəfdaşlığa çevrilib. Prezident İlham Əliyevin avqustun 23–24-də Özbəkistana dövlət səfəri isə bu münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Daşkənddə keçirilən təkbətək və geniş tərkibli görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası və dövlət başçılarının verdiyi mesajlar iki ölkənin münasibətlərində siyasi etimadın nə qədər dərinləşdiyini göstərdi:

“Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Bu sənəd sadəcə diplomatik protokol deyil, iki qardaş ölkənin münasibətlərinin uzunmüddətli strateji məntiqini müəyyənləşdirən siyasi çərçivədir. Bununla yanaşı Ali Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması proqramı və investisiya-ticarət layihələri üzrə Yol Xəritəsi iqtisadi münasibətlərin konkret hədəflər üzərində qurulduğunu göstərir.

Burada diqqətçəkən digər məqam əməkdaşlığın yalnız iqtisadiyyatla məhdudlaşmamasıdır. Turizm, mədəniyyət, gömrük, pensiya təminatı, dövlət xidmətləri və xarici siyasət sahələrində yeni sənədlərin imzalanması münasibətlərin institusional əsaslarını genişləndirir. Xankəndi–Ürgənc, Naxçıvan–Ürgənc və Laçın–Buxara arasında qardaşlaşma protokolları isə bu əməkdaşlığın şəhərlər və xalqlar səviyyəsinə endiyini göstərir.

Səfərin simvolik tərəfi də az əhəmiyyət daşımır. Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak və daha sonra Buxarada tarixi məkanların ziyarəti ortaq türk-mədəni irsin siyasi münasibətlərin mühüm dayaqlarından birinə çevrildiyini göstərdi.

Əslində Azərbaycan–Özbəkistan münasibətlərinin gücü yalnız ikitərəfli əlaqələrdə deyil. Bakı və Daşkənd Orta Dəhliz, Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya–Cənubi Qafqaz əlaqələrinin inkişafında bir-birini tamamlayan iki mühüm geosiyasi mərkəzdir. Bu baxımdan səfər təkcə Azərbaycan və Özbəkistan arasında yeni anlaşmaların əldə olunması deyil, Türk dünyasının iqtisadi, siyasi və nəqliyyat bağlantılarının möhkəmləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan–Özbəkistan münasibətləri “dostluq” ifadəsindən daha geniş məna kəsb edir. İmzalanan sənədlər, qurulan institutlar və həyata keçirilən layihələr göstərir ki, Bakı ilə Daşkənd arasında münasibətlər emosional yaxınlıqdan real strateji əməkdaşlığa, oradan isə uzunmüddətli müttəfiqlik modelinə doğru inkişaf edir”.