Tarix heç nəyi unutmur və yaddan da çıxartmır. Əgər kimsə insanlığa və bəşəriyyətə qarşı cinayətlər törədirsə, onlar mütləq cəzalarını alırlar. Bununla bağlı çoxsaylı misallar, sübutlar göstərmək olar. Elə uzağa getməyək, Xankəndi və ətraf ərazilərdə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlər törətmiş Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək, ədalət mühakiməsinə verildilər. Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük həbs cəzasına, Arkadi Qukasyan və Bako Sahakyan 20 il, digər təqsirləndirilən şəxslər isə 15–19 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olundular. Bundan sonra hərbi canilər Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanladılar. Uzun araşdırmalardan və dinləmələrdən sonra Bakı Apellyasiya Məhkəməsi Bakı hərbi məhkəmənin 5 fevral hökmünü qüvvədə saxladı. Bununla ədalət bərpa edildi. Lakin cəzalarını alan hərbi canilərin siyahısı tam deyil. Siyahıda uşaq qatilləri, dinc insanları qətlə yetirən, şəhər və kəndlərimizin dağıdılmasında iştirak edən Ermənistan vətəndaşları olan Serj Sarkisyan, Robert Koçaryan kimi canilər var. Onların həbs edilməsi üçün hüquqi addımların atılması vacibdir.
Serj Sarkisyan və Robert Koçaryan Bakıda mühakimə edilməlidir
Ermənistan mətbuatına istinadən qeyd etmək olar ki, artıq Robert Koçaryan və oğlu Sedrak Koçaryan Ermənistan istintaq komitəsi tərəfindən həbs olunublar. Ermənistan prokurorluğunun məlumatında qeyd olunur ki, Robert Koçaryana qarşı üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və dörd epizod üzrə xüsusilə külli miqdarda pul yuma ittihamları irəli sürülüb. Eyni iş çərçivəsində daha doqquz nəfərə, o cümlədən müxtəlif illərdə Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarkisyana qarşı da cinayət təqibi başlanılıb.
Prokurorluq işin digər fiqurantları sırasında Robert Koçaryanın oğlu Sedrak Koçaryanın, İrəvanın sabiq meri Qaqik Beqlaryanın, sahibkar Samvel Mayrapetyanın, keçmiş baş nazir Andranik Marqaryanın və digər şəxslərin adını çəkib.
Təbii ki, Koçaryanın Azərbaycana təhvil verilməsi vacibdir və bunun üçün Paşinyan üzərinə öhdəlik götürməlidr. Hətta Azərbaycan hüquq-mühafizə orqanları dərhal işə keçməli və İnterpol xətti ilə də olsa Koçaryanın və Sarkisyanın Bakıya gətirilərək mühakimə olunmaları ilə bağlı danışıqlara başlamalıdır.
Milli Məclisin deputatı Azər Badamov isə o fikirdədir ki, Robert Koçaryanın Azərbaycana təhvil verilməsi bir anda baş verə biləcək bir hadisə, ya da sadəcə siyasi məsələ deyil, bu, həm də beynəlxalq hüquq məsələsidir. Çünki Robert Koçaryanın ölkədə tutulmasının səbəbi də müharibə cinayətləri ilə bağlı deyil. A.Badamov mətbuata verdiyi açıqlamasında bildirib ki, Robert Koçaryan, müxalif qüvvələr seçkidən sonra da xalqı kütləvi şəkildə etiraza çağırıb: "Şübhəsiz ki, bu qığılcımların böyüməsi Paşinyan üçün əlavə lazımsız problem yaradardı. Paşinyan isə baş verə biləcək istənilən potensial riski yuvasında boğmaqda qərarlıdır. Bu baxımdan Robert Koçaryan yaxşı anlayırdı ki, Paşinyan əlinə düşən ilk fürsətdə onu cəzalandıracaq. Buna görə də ölkədən qaçaraq özünü potensial risklərdən sığortalamağa çalışdı. Lakin göründüyü kimi, bu işdə Paşinyan tam zamanında prinsipiallıq nümayiş etdirdi və Robert Koçaryan hava limanında saxlanıldı".
A.Badamov onu da qeyd edib ki, Koçaryanın siması Azərbaycana yaxşı bəllidir: "Onun Xocalı faciəsində törətdiyi vəhşiliklər dövlətimizin, xalqımızın yaddaşındadır və unutmayıb. Koçaryanın orada saxlanılma səbəbi başqadır. Çünki Paşinyan dəfələrlə açıqlamalarında onu korrupsioner, dövlət əmlakını mənimsəyən, talayan biri adlandırırdı. Düşünürəm ki, bəzi məsələlər zaman işidir və qarşıda duran ilk baş verə biləcək hadisə Ermənistan tərəfindən də yüksək səviyyəli bir məmurun Azərbaycana səfəridir. Hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcək və baş verməsi labüd, qaçılmaz olan məsələ də daxil olmaqla, bütün məsələlər ardıcılıqla həllini tapacaq".
Diqqətçəkən məqam ondan ibarətdir ki, adətən Koçaryana himayədarlıq edən, ona mənəvi, siyasi dəstək göstərən Rusiya hakimiyyəti, mətbu orqanları Koçaryanın Ermənstanda həbs olunmasına seyrçi qalır. Yəni həbsə münasibət bildirmir. Hətta Rusiya prezidenti V. Putin Koçaryan ötən il həbs olunan zaman zəng edib, onu ad günü münasibəti ilə təbrik etmişdir. Yeni il ərəfəsi də Putinin təşəbbüsü ilə Koçaryanla telefon danışığı olmuş və tərəflər bir-birinə təbriklər ünvanlamışdılar. İndi isə rəsmi Kreml Koçaryanın həbsinə görə susur. Sadəcə, Kremlin sözçüsü Dmitri Peskovun dili ilə Paşinyanı qıcıqlandırmayan açıqlamalar verirlər. Halbuki, ötən dəfə Koçaryan həbs olunan zaman Putin özü məsələyə münasibət bildirib, Paşinayana ictimai zərbə olan tənqidi fikirlər söyləmişdir. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsindən sonra respublikanın qanuna və vətəndaşların hüquqlarına hörmətlə yanaşacağını gözləyir: "Ermənistandakı daxili siyasi hadisələr barədə şərh vermək istəməzdim. Yalnız baş verən hər şeyin qanuna uyğun olaraq həyata keçiriləcəyinə və respublikada bütün hüquqlara hörmət ediləcəyinə ümid edirəm".
Bütün bunlar onu deməyə əsas verir ki, Kreml Paşinyanla ehtiyatlı davranmağa çalışır. Yəni münasibətləri gərginləşməkdən uzaqdır. Deməli, Koçaryanı uzun müddətli cəza gözləyir. Veriləcək cəza Bakıda təşkil olsa daha yaxşı, həm də ədalətin bərpasının göstərcisi olar.
İ.ƏLİYEV