Özbaşına parklanma baryerlərinin quraşdırılması məsələsində müəyyən suallar ortaya çıxır. Əgər hər hansı şəxs – istər bələdiyyə, istər hüquqi, istərsə də fiziki şəxs olsun – müvafiq dövlət qurumları ilə müqavilə bağlayır, vergi ödəyir və müəyyən proseslərə cəlb olunursa, bunun hansı hallarda qanunsuz fəaliyyət hesab edildiyini dəqiq müəyyənləşdirmək lazımdır.
Bu sözləri SİA-ya nəqliyyat eksperti Aslan Əsədov deyib.
O sözlərinə belə davam edib: “Burada əsas məsələ odur ki, razılaşdırılmış və razılaşdırılmamış fəaliyyət arasında hüquqi fərq qoyulmalıdır. Əgər şəxs müvafiq icra hakimiyyəti orqanından icazə alır, müqavilə bağlayır, vergi ödəyir və parklanmanın təşkili ilə bağlı müəyyən öhdəlikləri yerinə yetirirsə, bu halda həmin fəaliyyətin avtomatik olaraq qanunsuz hesab edilməsi doğru yanaşma deyil.
Əgər hər hansı qanun pozuntusu varsa, məsələn, vergidən yayınma, saxta sənədləşmə, səlahiyyətdən sui-istifadə və ya digər hüquqi pozuntular müəyyən edilirsə, təbii ki, bu zaman hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi mümkündür. İstər prokurorluq, istər polis, istərsə də məhkəmə sistemi tərəfindən hüquqi qiymət verilə bilər.
Amma şəxs qanunvericiliyə uyğun şəkildə vergi ödəyirsə, müəyyən təşkilati işlər həyata keçirirsə, avtomobil icarəsi və digər xidmətlər göstərirsə və bu fəaliyyət aidiyyəti qurumlarla razılaşdırılıbsa, burada məsələyə başqa prizmadan yanaşmaq lazımdır.
Məhəllələrin və digər ərazilərin parklanma sahəsinə çevrilməsi də özbaşına həyata keçirilə bilməz. Bunun üçün həmin ərazinin statusu, istifadəsi və parklanmanın təşkili ilə bağlı səlahiyyətlərin hansı quruma aid olduğu müəyyənləşdirilməlidir. Yəni burada əsas məsələ konkret ərazinin parklanma üçün ayrılıb-ayrılmaması və həmin fəaliyyətə kimin icazə vermək səlahiyyətinin olmasıdır.
Ona görə də “qanunsuz parklanma” anlayışını yalnız baryerin quraşdırılması faktı ilə əlaqələndirmək düzgün deyil. Əgər burada vergidən yayınma, icazəsiz fəaliyyət və ya digər hüquq pozuntusu yoxdursa, üstəlik, aidiyyəti qurumlarla əməkdaşlıq edilir və yol hərəkətinin təşkilinə dəstək göstərilirsə, niyə bu məsələləri daha sivil və müasir üsullarla tənzimləməyək?
Əsas məqsəd parklanma problemini aradan qaldırmaq və şəhərdə nəqliyyatın daha düzgün təşkilinə nail olmaqdır. Bunun üçün isə qanuni fəaliyyət göstərən şəxslərlə dövlət qurumları arasında aydın qaydalar və şəffaf mexanizmlər müəyyənləşdirilməlidir”.
Ayşən Vəli