“Kəndin özü turizm məhsuluna və brendə çevrilməlidir” - TURİZM EKSPERTİ

26 Avqust 2026 15:09 (UTC+04:00)

"Azərbaycanda kənd turizmi və ekoturizm ayrı-ayrı turizm növləridir. Son dövrlər bu istiqamətdə müəyyən işlər görülüb, müəyyən layihələr işlənir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, kənd turizmi dedikdə təkcə kənd evləri, onların sayının artırılması yanaşması yox, ümumilikdə bu kəndin özünün bir məhsul kimi, brend kimi formalaşması daha vacibdir:

"Yəni kəndin bütün məhsullarının turizm məhsullarına, oradakı təcrübənin turizm məhsuluna çevrilməsi daha vacibdir. Sadəcə kəndə turistlərin cəlb olunması, onların kənd evlərində qalmaqla bərabər, oradakı təcrübəni yaxından öyrənməsi, onu hiss etməsi daha yaxşıdır.

Eyni zamanda burada müəyyən addımlar da atıla bilər. Məsələn, nümunəvi kəndlər seçilə bilər. İndi turistik kənd layihələri işlənilir və bu kəndlərdə infrastrukturla yanaşı, oranın təcrübələrinin və orada brendləşə bilən məhsulların üzə çıxarılması, tanıdılması istiqamətində müəyyən işlər aparılır. Bu işlər də daha da genişləndirilə bilər.

Əlbəttə ki, burada əsas məqsəd gələn qonaqların təcrübə yaşamaqla paralel olaraq, həm də yerli icmaya gəlir qazandırmasıdır. Çünki kəndlərin özünün müəyyən ixtisaslaşma ilə müəyyən təcrübələr yaratması məqsədəuyğun olardı.

Məsələn, hansısa bir kənd qastronomik turizmi, hansısa dağ kəndi təcrübəsini müəyyən fərqli marşrutlarla, fərqli turizm məhsullarına çevirməklə insanlara xidmət edə bilər və müxtəlif layihələr həyata keçirilə bilər.

Məsələn, üç gün kənd həyatı, iki gün hiking ola bilər. Yerləşdiyi coğrafi əraziyə görə, özünün istehsal edə biləcəyi məhsullara görə, yaşada biləcəyi təcrübələrə görə kəndlər ayrıca bölümlər halında ayrı-ayrı, fərqli məhsullar təklif edə bilər. Bu da gələn turistlər üçün kifayət qədər maraq kəsb edə bilər.

Bunun yanında, bu ideyanı genişləndirmək üçün müxtəlif qrantlar, layihələr istənə bilər ki, həm icmanın özünə bununla bağlı təlimlər, maarifləndirmə işləri olsun, həm də orada olan potensialın daha çox turizm məhsuluna çevrilməsi imkanları genişləndirilsin.

Bu, həm də kənddən şəhərə axının qarşısını almaqda müsbət rol oynayar, eyni zamanda kəndin özünün iqtisadi aktivliyini artırmış olar.

Təbii ki, yekun olaraq yenə də kəndlərin mənimsənilməsi, turistik bölgələr kimi bir əhəmiyyət kəsb etməsi, təkcə orada qalmaq, yaşamaq yox, eyni zamanda çevrəni qorumaq, ətraf mühiti və ekologiyanı qorumaq, təcrübəni yaşamaqla ümumilikdə kəndin özünün bütövlükdə bir brend kimi turizm məhsuluna çevrilməsinə kömək etmək lazımdır ki, burada bayaq sadaladığım bütün məsələlər nəzərə alınsın.

Yerli bələdçilərin, kənd icmasının özündən bələdçilərin yetişməsi, öz kəndlərinin gələn turistlərə tanıdılması, məhsulların orada gələn turistlərə təqdim olunması hər mənada həm icmaya müsbət təsir göstərəcək, həm də turistlər üçün çox gözəl bir təcrübə rolunu oynamış olacaq".