AQTA bu yağ məhsullarında uyğunsuzluqlar aşkarladı

25 Avqust 2026 22:31 (UTC+04:00)

AQTA tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan yağ məhsulu partiyalarında uyğunsuzluqlar aşkar edilib.

Bu barədə qurumun yaydığı məlumatda qeyd edilib: "Belə ki, aparılan müayinə nəticəsində Qazaxıstanın “Eurasian Foods” müəssisəsinə məxsus 82,5% yağlılıqlı “Stanichnoe Osoboe” əmtəə nişanlı qarışıq bitki yağında 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) göstəricisi üzrə, Rusiyanın “Jirovoy Kombinat” müəssisəsinə məxsus “Tot samıy vkus i aromat” əmtəə nişanlı marqarin, 82,5% yağlılıqlı “Maslyona”, “Rossiyanka Traditsionnoe” əmtəə nişanlı qarışıq bitki tərkibli yağlarda qlisidol (QE), o cümlədən “Şedroye leto” əmtəə nişanlı bitki tərkibli yağda həm 3-Monoxlorpropan-1,2-diol (3-MCPD), həm də qlisidol göstəricisi üzrə uyğunsuzluqlar aşkar edilib. Həmçinin Rusiyanın “Pişevie İnqredienti” müəssisəsinə məxsus “Maslo Palmovoye” əmtəə nişanlı palma yağı və “Oilprime” əmtəə nişanlı qarışıq bitki yağında emal çirkləndiricisi 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) aşkarlanıb".

Bildirilib ki, aparılan nəzarət tədbirlərinin nəticələrinə əsasən, qeyd olunan istehsalçı müəssisələrin məhsullarının Azərbaycan Respublikasına idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib və məsələ ilə bağlı həmin ölkələrin qida təhlükəsizliyi sahəsi üzrə səlahiyyətli qurumlarına rəsmi bildirişlər göndərilib: "Məhsulların dövriyyəsinin qarşısı alınıb. Hazırda qanunamüvafiq digər tədbirlər həyata keçirilməkdədir".

Məlumatda qeyd edilib ki, agentlik tərəfindən həyata keçirilən idxal nəzarət tədbirlərinin məqsədi insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradan məhsulların ölkə ərazisinə daxil olmasının qarşısının alınması, istehlakçıların sağlamlığının və hüquqlarının qorunması, eləcə də təhlükəsiz qida məhsullarının dövriyyəsinin təmin edilməsidir.

Mətləb