"Yay mövsümündə kolbasa və sosiska kimi ət məhsulları alarkən istehlakçılar məhsulun üzərindəki etiket məlumatları ilə yanaşı, onun saxlanma şəraitinə, qablaşdırılmasına və xarici görünüşünə də diqqət yetirməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, istər yay, istərsə də qış mövsümündə hisə verilmiş məhsullar alarkən ilk növbədə məhsulun etiketindəki məlumatlarla tanış olmaq vacibdir: "Bu məsələ 523 saylı qida təhlükəsizliyi qanunvericiliyinin 17.2-ci maddəsi ilə tənzimlənir. Etiketdə məhsulun istehsal və son istifadə tarixi, 100 qram məhsulun qida və enerji dəyəri, tərkibi, saxlanma şəraiti, temperatur göstəriciləri, eləcə də allergenlərlə bağlı məlumatlar əksini tapmalıdır.
Yay aylarında yüksək temperatur kolbasa və sosiska kimi ət məhsullarının daha tez xarab olmasına və qida zəhərlənməsi riskinin artmasına səbəb ola bilər. Buna görə də məhsulun son istifadə tarixi və tərkibi ilə yanaşı, onun hansı şəraitdə saxlanıldığına da diqqət yetirmək lazımdır.
Xüsusilə soyuducu vitrinlərdə temperatur rejiminə nəzarət vacibdir. Belə məhsulların saxlanması zamanı temperatur, adətən, 2-6 dərəcə Selsi arasında olmalıdır. Məhsullar vitrində həddindən artıq sıx şəkildə və bir-birinin üzərinə yığılmamalıdır. Çünki məhsulların çox sıx yerləşdirilməsi soyuq havanın sərbəst dövr etməsinə mane olur. Bu isə bəzi sahələrdə kiflənmə və çarpaz çirklənmə riskini artıra bilər.
Digər mühüm məqam kondensasiyadır. Məhsulun qablaşdırmasının daxilində və ya xaricində su damcılarının yaranması temperatur dəyişikliklərinin baş verdiyini göstərə bilər. Bu hal məhsulun əriməsi və yenidən soyudulması və ya soyuducudan kənarda qalması ehtimalına işarə edə bilər.
Məhsulun qablaşdırmasının vəziyyətinə də xüsusi diqqət yetirilməlidir. Qablaşdırmada cırıq, deşik və ya hava buraxan hissələr olmamalıdır. Xüsusilə vakuum qablaşdırılmış məhsullarda bu məqam olduqca vacibdir. Vakuum paketinin şişməsi və ya formasının dəyişməsi məhsulda mikroorqanizmlərin inkişafı ehtimalını göstərə bilər.
Kolbasa və sosiska məhsullarının xarici görünüşü də onların keyfiyyəti barədə müəyyən məlumat verə bilər. Məhsulun səthi həddindən artıq yapışqan, selikli və ya normadan artıq nəm olmamalıdır. Kolbasa və sosiska qabığı, bir qayda olaraq, quru və hamar görünməlidir.
Məhsulun rənginə də diqqət yetirmək lazımdır. Təbii ət məhsullarında müəyyən qırmızı və çəhrayı tonların olması normal hesab edilə bilər. Lakin normadan artıq parlaq və qeyri-təbii rəng məhsulun tərkibində rəngverici maddələrin və ya nitrat-nitritlərin miqdarının yüksək olması ilə bağlı şübhə yarada bilər. Boz və ya yaşıl çalarların yaranması isə məhsulun xarab olması əlaməti ola bilər.
Bu səbəbdən kolbasa və sosiska alarkən yalnız qiymətə və məhsulun görünüşünə deyil, onun etiket məlumatlarına, son istifadə tarixinə, saxlanma temperaturuna, qablaşdırmanın bütövlüyünə və xarici görünüşünə kompleks şəkildə diqqət yetirmək vacibdir".