Fizioterapiya ağrının idarə olunması, hərəkət funksiyasının bərpası və əzələ-oynaq sisteminin sağlamlaşdırılmasında effektiv reabilitasiya metodudur. Lakin onun təhlükəsizliyi düzgün klinik qiymətləndirmə və fərdi müalicə planından asılıdır.
Bu sözlərİ SİA-ya uzman fizioterapevt Əziz Dərvişov deyib.

O sözlərinə belə davam edib: “Fizioterapiyada “hamıya eyni prosedur” prinsipi yoxdur. Pasiyentin diaqnozu, yaşı, simptomları, funksional vəziyyəti, yanaşı xəstəlikləri və müalicəyə reaksiyası nəzərə alınmalıdır.
Yanlış seçilmiş və ya həddindən artıq intensiv məşqlər ağrının artmasına, əzələ və yumşaq toxumaların yüklənməsinə və reabilitasiyanın ləngiməsinə səbəb ola bilər. Eyni zamanda istilik, soyuq, elektroterapiya və ultrasəs kimi fiziki agentlərin də müəyyən əks-göstərişləri mövcuddur və hər pasiyent üçün uyğun olmaya bilər.
Fizioterapiyanın məqsədi sadəcə prosedur tətbiq etmək deyil, pasiyentin funksiyasını təhlükəsiz və elmi əsaslarla bərpa etməkdir.
Buna görə müalicə başlamazdan əvvəl düzgün qiymətləndirmə aparılmalı, müdaxilə fərdi seçilməli və müalicə müddətində pasiyentin reaksiyası davamlı izlənilməlidir.
Doğru fizioterapiya — doğru qiymətləndirmə, doğru müdaxilə və doğru dozadır”.
Ayşən Vəli